14 Mart 2015 20:54
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alkoqolik kimi qeydiyyata alınanlar arasında 1000-ə yaxın qadın var

Azərbaycanda alkoqoliklərin sayı artaraq 22 min 278-ə yüksəlib. Onların 901-i qadındır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 21 min 584, 2012-ci ildə 21 min 103, 2011-ci ildə isə 19 765 nəfər alkoqolik olub.

Azərbaycandakı yaş qrupları artıqca alkoqoliklərin sayı da çoxalır. Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 517, 25-29 yaşlı 1240, 30-34 yaşlı 1429, 35-39 yaşlı 1669, 40-44 yaşlı 2583, 45-49 yaşlı 3027, 50-54 yaşlı 3245, 55-59 yaşlı 3374, 60-64 yaşlı 2986, 65 yaşdan yuxarı 2207 nəfər alkoqolik var.

Alkoqoliklər daha çox kişilərdir. Qadın alkoqoliklərin sayı ötən illərlə müqayisədə az artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış akqoliklərin 873-ü, 2013-cü ildə isə 891 nəfəri qadın olub.

2014-cü ildə Azərbaycanda 881 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb ki, onların da yalnız 10-u qadın olub.

Adambaşına 1,75 litr

Ölkədə alkoqoliklərin sayının artması spirtli içki bazarında satışın yüksək olması deməkdir. Son vaxtlar rəsmi məlumatlarda da spirtli içkilərin satışının artması barədə məlumatlara rast gəlinir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova görə, spirtli içkilərə tələbatın artması heç də müsbət xəbər deyil və bunun qarşısı alınmalıdır: “Çünki spirtli içkinin satışı artırsa, deməli, onun istifadəçilərinin də sayı artır. Bu isə çox qorxulu statistikadır”.

Ekspert belə bir vəziyyətin qonşu Rusiyadakı tendensiyaya çevrilə biləcəyindən narahatlığını bildirdi. Eyyub Hüseynov spirtli içkilərin qiymətinin ucuz olmasının da onlara olan tələbatın artmasına gətirib çıxardığını deyir: “Bəzi hallarda hətta 1-2 manata da spirtli içki almaq mümkündür. Qiymətin aşağı olduğunu nəzərə alaraq, onun keyfiyyətinin də hansı həddə olduğunu müəyyənləşdirmək olar. Biz spirtli içkilərə maksimim qiymət qoyulmasını təklif edirik. Bu, keyfiyyətin artması ilə yanaşı, satışa da təsir göstərəcək”.

Dövlət Statistika Komitəsi əvvəlki illərlə müqayisədə spirtli içkilərin satışının da artması ilə bağlı statistika açıqlayıb. Komitədən verilən məlumata görə, son illərin orta göstəricisi mütləq alkoqol hesabı ilə ildə adambaşına 1,75 litr təşkil edir. Pərakəndə ticarət şəbəkələrində 1994-cü ildə 11,5 milyon manatlıq, 2004-cü ildə 109,3 milyon manatlıq, 2013-cü ildə isə 246,3 milyon manatlıq spirtli içki satılıb. Komitədən o da bildirilib ki, spirtli içkilərin satışı hər il özündən əvvəlki illə müqayisədə artır.

Dünyanın spirtli içki dərdi

Ekspertlər alkoqolizmin qarşısını almaq üçün spirtli içki bazarına nəzarəti sərtləşdirməyi tövsiyə edirlər. Çoxlarına elə gəlir ki, Avropa ölkəsi limitsiz və qadağasız içkinin məkanı deməkdir. Əslində isə məsələ o qədər də sadə deyil.

Bəzi dünya ölkələrində spirtli içkilərə meylin azaldılması üçün onun əldə edilməsinə ciddi əngəllər yaradılır. Məsələn, İsveç, İrlandiya, İngiltərə, Finlandiya, Litva, Norveç, Hollandiya kimi ölkələrdə spirtli içkilərə yüksək vergilər qoyulur. Bundan başqa, onun istehlakında yaş senzi, spirt dərəcəsini azaltma kimi ciddi məhdudlaşdırmalar da var.

Danimarka, İtaliya və İspaniyada beynəlxalq bir strategiya sənədi olmasa da, gənclərlə bağlı tədbirlərdə, məsələn, konsert və idman yarışlarında spirtli içkinin satışı qadağan edilib.

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndəsi Lars Moller bildirib ki, Avropa ölkələrində xüsusən gənclər tərəfindən spirtli içki istifadəsinin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir: “Avropa bölgəsində alkoqollu içkidən istifadə etmək və satın almaq üçün gənclər 18 yaşını bitirməlidirlər. Amerikada isə alkoqoldan istifadə yaşı 21-dir. İsveç, Norveç, Danimarka kimi bir çox ölkə alkoqollu içki istifadə yaşının artırılmasını düşünür”.

Şəhərdə daha çoxdur

Respublika Toksikologiya Mərkəzinin nəzarət-toksikologiya laboratoriyasının əməkdaşı Nəzakət İbadova deyir ki, alkoqola aludəçilik geniş yayılmış toksikomaniyadır. Bu tendensiya ictimai mənada bir sıra davranış, əmək fəaliyyəti və digər pozuntularla müşayiət edilir. Təhlükəli tərəfi isə bəzi cinayət əməllərinin törənməsinə şərait yaratmasıdır.

Nəzakət İbadovanın sözlərinə görə, alkoqolizmin əhali arasında yayılması haqqında dəqiq məlumat əldə etmək bir sıra çətinliklərlə əlaqədardır: “Çünki spirtli içkiləri müntəzəm qəbul edənlərin, hətta aludəçilərin əksəri tibb müəssisələrinə müraciət etmirlər. Alkoqolizmin yayılması barədə təxmini məlumat adambaşına satılan və ya istehsal olunan spirtli içkilərin miqdarına, tibb müəssisələrinə müraciət edənlərin sayına görə müəyyən edilir. Alkoqoldan istifadə edənlərin sayı şəhər əhalisi arasında kənd rayonlarına nisbətən iki-üç dəfə çoxdur”.

Orqanlar tədricən sıradan çıxır

Laborantın sözlərinə görə, spirtli içkilərə qocalar, uşaqlar və qadınlar daha həssas olurlar.
Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksiyası, bütün bədəni bürüyən xoş istilik duyğusunun təsiri altında məstolma, rahatlıq hissi yaranır ki, bu da insanlarda asılılıq yaradır. Müsahibimiz deyir ki, orqanizmin keçirdiyi belə bir hal adamı məmnunluğa və cəsarətli olmağa sövq edir: “Belə şəxslər yad adamlarla asanlıqla tanışlıq yarada bilir, zarafatcıl, şən və çox danışan olurlar. İçkinin miqdarı azdırsa, mədə şirəsi ifrazının güclənməsi nəticəsində iştah artır. Belə adamlar yeməkdən xüsusi ləzzət alırlar. Bəziləri isə arqessivləşir, spirtin təsiri altında nifrətlərinin hədəfini məhv eləməyə çalışırlar.

Bunlarla yanaşı, sərxoşluğun ilk mərhələsindən başlayaraq hərəkətlərin qeyri-dəqiqliyi, özünə və ətrafdakılara qarşı tənqidi münasibətin enməsi qeyd edilir. Qanda alkoqolun miqdarı 1 promilə qədər olur. Bu hallar təkrarlandıqca orqanizmdə gedən sürətli dəyişikliklər orqanların sıradan çıxması ilə nəticələnir".

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər