Martın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Direktoru xanım Mari-Piyer Puaryeni qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, Mari-Piyer Puarye UNİCEF-lə Azərbaycan Hökuməti arasında uzun illər davam edən faydalı əməkdaşlıqdan razılığını ifadə edib. Bütün sahələrdə sürətlə inkişaf edən respublikamızda uşaq hüquqlarının təmini istiqamətində də Hökümətin səylərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyin nəzərə çatdıran qonaq, böyük potensiala malik ölkəmizlə gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini bildirib.
Baş nazirin müavini Əli Əhmədov UNİCEF-in ötən illər ərzində ölkəmizdəki fəaliyyətinin, o cümlədən Azərbaycan Hökumətinin səhiyyə sisteminin təkmilləşdirilməsi və səhiyyə islahatının həyata keçirilməsi işində bu mötəbər qurumun da dəstəyinin təqdirəlayiq olduğunu qeyd edib. Baş nazirin müavini xüsusən, birgə əməkdaşlıq nəticəsində uşaqların sağlamlığının mühafizəsi, ana və uşaqlar üçün xidmətlərin təkmilləşdirilməsi və şəraitin yaxşılaşdırılması, həmçinin uşaqlarda əlilliyin erkən aşkar edilərək profilaktikası istiqamətində müsbət nəticələrə nail olunduğunu vurğulayıb.
Qəbul zamanı 2016-2020-ci illər üçün UNİCEF tərəfindən hazırlanan əməkdaşlıq üzrə yeni proqramın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.