16 Mart 2015 23:00
3 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçərişəhərdə Vaqif Mustafazadə küçəsi ev 4, mənzil 9 çoxlarına tanışdır. Hazırda muzey kimi fəaliyyət göstərən bu evdə vaxtilə görkəmli cazmen Vaqif Mustafazadə yaşayıb.

Teleqraf.com-un məlumatına görə, Buro247.az redaksiyası Vaqifin ev-muzeyində 1 gün keçirərək, görkəmli musiqiçinin ilk pianosu, tələbə bileti, ilk nikah mərasimindən olan şəkillər və böyük qızı Lalənin fotolarını, eləcə də digər şəxsi əşyalarının fotolarını çəkib.





Vaqif Mustafazadə döngəsində heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış və üzərində "Bu evdə caz-muğamın banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadə yaşamışdır" yazısı olan barelyef bizi ev-muzeyinə doğru aparır. Bizi cazmenin dayısı qızı, muzeyin direktoru Afaq Əliyeva qarşılayır.



Ev muzeyində olan 1200-dən çox eksponat arasında Vaqifin həyat və yaradıcılığını əks etdirən fotolar, qazandığı mükafatlar, diplomlar yer alıb. Muzey cazmenin ölümündən sonra anası Zivər Əliyeva tərəfindən yaradılıb. Afaq xanımın sözlərinə görə, Vaqif İçərişəhərdə Qoşa qala qapısının yanındakı ikimərtəbəli evdə doğulsa da, ömrünün əsas hissəsini məhz bu evdə keçirib. Ölümündən 3-4 il öncə isə ümummilli lider Heydər Əliyevin ona bağışladığı, "Tarqovaya" küçəsində yerləşən evdə yaşayıb.

Vaqifin ilk pianosu
Evin sol küncündə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianosu var. Hətta diqqətlə baxsanız, Rostov-Don pianosunun dillərində Əzizə Mustafazadənin uşaqlıqda yapışdırdığı saqqızın yerini də görə bilərsiniz. Ümumiyyətlə, Vaqifin bir neçə pianosu olub. Onlardan birini, qara rəngdə olanını böyük qızı Lalə Mustafazadəyə hədiyyə edib.





Musiqi alətinin üzərində Vaqif Mustafazadənin ailə üzvləri - babası Ağasəf Əliyevlə, nənəsi Sona xanım Əliyeva ilə olan fotolarını, balaca Vaqifin oyuncaqlarını görmək olar. Vaqifin atası Əziz Mustafazadə Şəki xanları nəslindən, anası Zivər xanım isə Azərbaycanın tanınmış neftxudalarından olan Ağasəf Əliyevin qızı olub. Dahi Üzeyir Hacıbəyovun ən istedadlı tələbələrindən olan Zivər xanım Vaqifin ilk musiqi məllimidir. O, hələ 3 yaşında olarkən anasının ifa etdiyi musiqiləri yadda saxlayaraq, onu asanlıqla təkrarlaya bilirdi. Ev-muzeyində Zivər xanıma verilən orden və medallar da saxlanılır.







Radioqəbuledici
Vaqif sevimli VEF 12 radioqəbuledicisini 16 yaşında alıb. Dövrün məşhur cazmeni Uillis Konoverin aparıcısı olduğu "Amerikanın səsi" proqramını isə Vaqif səbirsizliklə gözləyirmiş. Sevimli cazmenləri - saksafonçu Con Koltreynin, pianoçu Bill Evansın və digərlərinin ifasına qulaq asıb, veriliş bitəndən sonra onları piaoninoda ifa edirdi. Bu anlar radionun yanındakı köşədə asılan fotolarda öz əksini tapıb.







Ancaq Vaqifin heç vaxt ağlına gəlməzdi ki, onun ölüm xəbəri də bir gün "Amerikanın səsi" verilişinin efirində veriləcək. 1979-cu il dekabrın 16-da Vaqifin qəfil ölümü haqqında danışan Uillis Konover "müasir cazın görkəmli musiqiçisi Daşkənddə qastrol zamanı dünyasını dəyişib" demişdi.

Muzeydə cazmenin maqnitofonu, qrammafon valları, ikinci həyat yoldaşı Elza Mustafazadənin albomları da saxlanılır.





Tələbə bileti
Görkəmli cazmen 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Muzeydə Vaqifin şəxsi əşyaları arasında musiqiçinin tələbə biletinə də rast gəldik.





İlk nikahının və qızı Lalənin fotosu
Vaqif ilk həyat yoldaşı Nərminə xanımla Neft Akademiyasında təhsil aldığı illərdə tanış olmuşdu. Orada tez-tez caz gecələri keçirilirdi və onlar birlikdə çıxış edirdilər. Cütlüyün 1965-ci ildə Lalə adlı qızı dünyaya gəlir.



Lalə də atası kimi musiqini seçib. O, təhsilini Bülbül adına orta ixtisas Musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında alıb. 1991-ci ildə Afaq Əliyevanın köməyilə Lalə Fransada keçirilən Klassik pianoçuların beynəlxalq festivalında çıxış edir və ən yüksək mükafata layiq görülür. Bu uğurundan sonra Laləni Paris Konservatoriyasına dəvət edirlər. Hazırda Parisdə yaşayan musiqiçi Qrand Operada çalışır, onun Mikayıl adlı oğlu var. Vaqifin ilk həyat yoldaşı Nərminə xanım da Laləylə birgə Parisdə yaşayır.





"Vaqif Mustafazadə"
Evin koridorunda sizi heykəltəraş Azad Zeynalovun müəllifi olduğu "Vaqif Mustafazadə" heykəli qarşılayacaq. Azad Zeynalov 1989-cu ildə diplom işi olan bu əsəri uğurla müdafiə etdikdən sonra yaradıcılıq aləminə daxil olur.





(Vaqif Mustafazadənin qalvanik portreti. Heykəltəraş Asim Quliyev)


(Vaqifin portreti. Müəllif Asəf Cəfərov)


(Əzizə Mustafazadənin portreti. Müəllifi Gündüz Xunlar)

"Düşüncə..."
Vaqif Mustafazadənin ev muzeyinin açılışı 2005-ci il martın 16-da onun anadan olmasının 65-ci ildönümündə olub. Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur. O, illər boyu oğlunun fotoşəkillərini, notlarını, albomlarını və onun haqqında yazılan məqalələri toplayırdı. 1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir. Divarda asılan bu rəsmin isə heç bir izaha ehtiyacı yoxdur. Gənc yaşda dünyadan köçən oğlunun ölümünə ağlayan ana...


Müəllif: