Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı nazir Kəmaləddin Heydərov 2014-cü ilin oktyabrında Qətərə səfəri zamanı keçirilmiş görüşlərin və imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"in əhəmiyyətini vurğulamış, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu qeyd edib.
Qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verilib.
Cassim Saif Əhməd Al-Sulaiti güclü iqtisadiyyata malik olan Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edib.
Qonaq qeyd edib ki, iki ölkənin uyğun qurumları arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyəti vardır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İLHAMƏ