Əvvəllər Azərbaycanda əkiz, xüsusilə üçəm uşaqların doğulmasına nadir hallarda təsadüf edilsə də, son illərdə belə uşaqlı ailələrin sayı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2011-ci ildə 1506 əkiz, 33 üçəm, 2012-ci ildə 2176 əkiz, 39 üçəm, 2013-cü ildə 2270 əkiz, 42 üçəm, 2014-cü ildə 3148 əkiz, 60 üçəm doğulub. Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.
Həkim-ginekoloq Nüşabə Fikrətli Trend-ə bildirib ki, əkiz və üçəm uşaqların doğulmasında əsas faktorlardan biri genetik amillərlə bağlıdır. Əgər nəsildə əkiz, üçəm uşaqların doğulması halları varsa, belə uşaqların dünyaya gəlməsi ehtimalı yüksək olur.
Ancaq son illərdə süni mayalandırma üsulundan istifadə belə körpələrin sayının artmasına səbəb olub.
Həkim-ginekoloq bildirib ki, son vaxtlar qadınlar hamilə qalmaq üçün daha çox müalicə edilirlər. Hamiləliyin baş tutması üçün isə stimulyasiya metodundan istifadə olunur. Stimulyasiya sayəsində hamilə qalan qadınlarda da əkiz və üçəm uşaqların doğulması halları çox olur.
Həkim bildirib ki, qadının bətnində iki və ya 3 döl olduqda onun hamiləliyinin normal başa çatması ehtimalı bətnində tək döl olan qadınlara nisbətən az olur. Buna görə də əkiz və üçəm uşaq dünyaya gətirəcək qadınların hamiləlikləri boyu daha çox həkim nəzarətində qalmasına ehtiyac var.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Qasımlı Trend-ə bildirib ki, son illər Azərbaycanda yeni reproduktiv texnologiyaların tətbiqi nəticəsində əkiz və üçəm uşaqların doğulması hallarına daha tez-tez rast gəlinir.
Deputatın sözlərinə görə, bəzən belə uşaqlar sosial cəhətdən zəif olan ailələrdə doğulurlar. Buna görə də belə ailələrin sosial müdafiəsinin təşkili məsələsi ya qanunvericilik, ya da dövlət proqramı səviyyəsində öz həllini tapmalıdır: “Azərbaycanda bu gün sosial müdafiənin ünvanlılıq prinsipinə üstünlük verilir. Hansı ailənin sosial müdafiəyə ehtiyacı varsa, onun sosial müdafiəsi həyata keçirilir”.
M.Qasımlı bildirib ki, bu gün Azərbaycanda sosial müdafiəyə ehtiyacı olmayan ailənin uşaqlarının ümumi sayının, yaxud eyni vaxtda doğulan uşaqların sayının nəzərə alınması praktikası yoxdur. Dövlətin hazırkı prinsipinə əsasən, eyni vaxtda 2, 3 uşağın dünyaya gəldiyi imkanlı ailələrin dövlətin müavinətinə ehtiyacı yoxdur.
Deputat təklif edir ki, artıq Azərbaycanda əkiz və üçəm uşağı olan ailələrin sayı daha çox olduğuna görə statistik hesablamalar aparılmalıdır və onlar üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər.
Bu güzəştlərin nələrdən ibarət ola bilməsinə gəldikdə, M.Qasımlı hesab edir ki, bunun üçün dövlət tərəfindən yeni müavinət növlərinin təyin edilməsinə ehtiyac yoxdur: “Ola bilər ki, bunun üçün dövlət tərəfindən birdəfəlik müavinət verilə bilər. Ancaq yerli icra orqanları, bələdiyyələr səviyyəsində də onlara aylıq müavinətlər verilə bilər”.
MM üzvünin sözlərinə görə, belə ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırıla, uşaqlara qulluq üçün xüsusi personal ayrıla və ya onların sayı artırıla bilər. Bununla yanaşı, evdə müəyyən məişət işlərinin görülməsi üçün xüsusi personalın ayrılması məsələsinə baxıla bilər.
Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə bir müddət əvvəl bildirilmişdi ki, yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsinə uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi məsələsi daxil edilib.
Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, yeni sənəd layihəsində belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.