“Videogörüntüdəki mənim oğlanlarım deyil”
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının məhkəməsi sabaha təxirə salınıb.
Teleqraf.com-un xəbərinə görə, qapalı keçirilən proses zamanı xuliqanlıqda təqsirləndirilən gənclərin bir neçə yaxını məhkəmə binası qarşısında olub.
Zaur və Elin Məmmədov qardaşlarının anası Gülnarə Məmmədova baş verən qalmaqalla əlaqədar jurnalistlərə açıqlama verərək deyib ki, o, öz övladlarının belə bir hadisə törədə biləcəyinə şübhə ilə yanaşır.
Vaxtilə Rusiyanın "ORT" telekanalında jurnalistlik etdiyini deyən Gülnarə Məmmədova bildirib ki, mətbuatda yazılanlar həqiqətə uyğun deyil. Hadisənin törədilməsində oğlanlarının əli olmadığını israrla bildirən qadın deyib ki, videogörüntüdə onun oğlanları olmayıb: “Mən o videoda öz oğlanlarımı tanımadım”.
Hadisənin baş verdiyi yerdə olmadığını deyən Gülnarə Məmmədova nə özünün, nə də oğlanlarının Ülkər İsayevanı tanımadığını bildirib.
Qeyd edək ki, Ülkər İsayeva prosesə qatılmayıb.
Hacı Zeynalov