Mart ayının 17-də Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilib.
Teleqraf.com-un məlumatına görə, rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, Türkiyəli şair Camal Safi, türk yazar Mehmet Ercan, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın məsul əməkdaşları, rayonun icra strukturu, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak ediblər.
Qonaqları ilk öncə milliliyimizin, türk ulusunda ağsaqqallıq simvolu sayılan Dədə Qorqud qarşılayıb, xeyir-duasını verib, üç tonqal qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib, dastanlarımızdan gələn qədim ənənələrimiz canlandırılıb. Novruz bayramının əsas rəmzlərindən olan kosa və keçəl qonaqları qarşılamış onlara bayram əhval- ruhiyyəli səhnəciklər təqdim ediblər. Sonra təndirin yanında qonaqlar duz-çörəklə qarşılanıb, onlara milli nemətlərimizdən təamlar təqdim edilib. Türkdilli ölkə səfirləri, həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvlərinin iştirakı ilə baş tutan Novruz festivalında parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxlər, adət-ənənələr, mərasimləri əks etdirən komponentlər göstərilib, sanki bütün Türk ulusunun ortaq dəyərləri nümayiş etdirilib.
Türkdilli ölkələrin milli novruz ənənələrinin nümayiş olunduğu və hər bir türk dövlətini simvolizə edən çadırlara baxmaqla yanaşı, qonaqlar və tədbir iştirakçıları, rayon məktəblilərinin hazırladıqları Novruz guşələrinə, eləcə də milli adət-ənənələrimizi, həyat tərzimizi əks etdirən geyimlər, mərasimlər və başqa atributlara baxış keçirib, məktəblilərin hazırladıqları səhnəcikləri maraqla izləyiblər. Həmçinin tədbir çərçivəsində qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət Aş festivalı, milli ornamentlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda milli geyimimiz olan kəlağayılar təqdim edilib.
Tarixi minillərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz bayramının gəlişi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram mərasimi qonaqlar və sakinlər tərəfindən böyük maraqla qarşılanıb və bayram tədbiri çıxışlarla davam edib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib, onlara ən xoş və səmimi diləklərini çatdırıb, günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıb.
Daha sonra Türkiyə İş Birliyi və Koordinasiya Şurasının Bakı Nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad çıxış etmiş öz bayram arzularını çatdırıb.
Bədii hissə ilə davam edən tədbirdə tanınmış türk şairi, Türk dünyasının, eləcə də Azərbaycan həqiqətlərini öz əsərlərində geniş təbliğ edən Camal Safi qələmə aldığı “Meracımız Qarabağ” şeirini səsləndirib. Türkiyəli yazar Mehmet Ercanın çıxışından sonra tanınmış incəsənət ustalarımızın, eləcə də Türkiyə və Qazaxıstandan təşrif buyurmuş sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr nümayiş etdirilib.
Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlişi ilə yekunlaşıb.
Naibə QURBANOVA