Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə bayram şənlikləri keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirlərdə ƏƏSMN-nin və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəhbər şəxsləri iştirak edib, dövlət himayəsində yaşayan insanlara və bu müəssisələrin xidməti personalına bayram təbriklərini və arzularını çatdırıblar.
Qeyd olunub ki, sosial cəhətdən həssas əhali qruplarına Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı sosial xidmət müəssisələrində yaşayan şəxslərin təminatının da güclənməsinə səbəb olub. ƏƏSMN-nin sosial xidmət müəssisələrində ümumilikdə 1050 nəfərə yaxın insan tam dövlət təminatında yaşayır. Onlardan 300 nəfərdən çoxu sağlamlıq imkanları məhdud olan uşaqlardır ki, nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar. Sosial xidmət müəssisələrində yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Bununla yanaşı, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun nümunəvi şərait yaradılıb. Müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) yeni binasının təmir işləri, eləcə də ərazisinin abadlaşdırılması işləri artıq başa çatıb və bütün kommunal və işıqlandırma sistemi yenilənib. İndi pansionatın köhnə korpusunda təmir və yenidənqurma işləri davam etdirilir. Buzovna 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində də əsaslı təmir işləri aparılıb və müəssisədə sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şərait yaradılıb. Göygöl 8 saylı ruhi-əsəb təmayüllü internat evində isə kommunal sistemlər bərpa olunub, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün internat evinin ətrafında park salınıb, müxtəlif kurslar yaradılıb. Gəncə şəhər Pensiyaçıların ərazi sosial xidmət mərkəzində də əsaslı təmir işləri aparılmaqdadır.
Bildirilib ki, əvvəllər sosial xidmət müəssisələrinə onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslər də yerləşdirildiyi halda, son bir ildə konkret tədbirlər görülməklə belə hallar tam aradan qaldırılıb və həmin müəssisələrdə yalnız onların təyinat profilinə uyğun kateqoriyalardan olan şəxslər yaşayır. De-institusionalizasiya istiqamətində tədbirlər də uğurla davam etdirilir. Ötən il ƏƏSMN-nin sosial xidmət müəssisələrindən 29 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olmaqla, ümumilikdə 77 nəfər şəxs ailələrinə qovuşub.
Bayram süfrəsi ətrafında keçən tədbirlərdə incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqramlar təqdim edilib.
Naibə QURBANOVA