20 Mart 2015 21:15
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündüz İsmayılov: “Bu bayram İslamın ölkəmizə gəlişindən sonra da ümumxalq səviyyəsində mütəmadi qeyd edilib”

Novruz bayramının özünəməxsus adət-ənənələri var. Bayrama bir ay qalmış qadınlar evləri təmizləyir, səməni cücərdirlər. Bayram günləri isə tonqal qalanır, evlərə papaq atılır. Bəzi folklorşünaslar bayram adətlərinə düzəliş etməyi məsləhət görürlər.

Ölüb-dirilmə bayramı

Folklorşünas Seyfəddin Rzasoyun sözlərinə görə, Novruz bayramı təqvim, yeni ilin gəlişi, oyanış bayramıdır: “Bu bayram xalqımızın qədim dünyagörüşü ilə əlaqəlidir. Novruz bayramı artıq bir millətin, bir xalqın mədəniyyət hadisəsi olmaqdan çıxaraq xalqları, etnosları, qitələri birləşdirib. Bu bayram tək ilin, zamanın dəyişməsi deyil. Novruz gözəllik, rəngarəngli və sevgi bayramıdır. İl doğulur, böyüyür, inkişaf edir. Əslində, bu, ilin ölüb-dirilmə bayramıdır. Düşünürəm ki, bu bayram mifologiya ilə bağlıdır”.

Seyfəddin Rzasoy son zamanlar bəzi folklorşünasların qapılara papaq atılmasını düzgün hesab etməmələrinə də münasibət bildirdi: “Bəzi folklorşünaslar deyir ki, papaq ayaq altına atılmaz, o, qeyrət rəmzidir. Bu fikrin tərəfdarları hesab edir ki, təbliğat aparaq, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Bu fikirlər yanlışdır. Çünki papağı atmaq yaşlılara aid deyil.

Əvvəlcə bilmək lazimdir ki, ilaxır çərşənbə ilə Novruz bayramı ərəfəsindəki günlər bayram hesab olunur. Həmin bayramda xeyir və şər bir-birinə qarışır. Bu oyun, əyləncə dövrüdür. Amma düşünmürlər ki, papağı atan uşaqlardır. Çünki bayramda papaq atmaq yaşlılara aid deyil. Uşaqlar papaq atıb pay istəyirlər. Qoyulan pay həmin ailənin maddi rifahinin necə olduğunu göstərir".

“Başqalarının təsirindən çıxa bilmirlər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, sovetlər birliyində keçmişin qalığı kimi Novruz bayramına qadağa qoyulması cəhdləri çox da uzaq olmayan tariximizdir: “Bir zamanlar Novruza qarşı çıxanların əsas məqsədi təkcə bu bayramı qadağan etmək yox, Azərbaycan xalqını milli adət-ənənələrindən, keçmişindən və soykökündən uzaqlaşdırmaq, əvəzində kosmopolit düşüncəli ”sovet xalqı" yetişdirmək idi. Amma onlar bunu bacarmadılar. Çünki Novruz Azərbaycan xalqı üçün təkcə bayram yox, həm də keçmişini, milli kimliyini, hətta bədii təfəkkürünü özündə əks etdirən mənəvi dəyərdir".

Komitə rəsmisi qeyd etdi ki, milli adət-ənənələrimiz və onun tərkib hissəsi kimi Novruz bayramı İslam dininə qarşı qoyulur: “Belə olduqda insanlarımızın dünyagörüşündə Novruzla bağlı yanlış və şübhəli fikirlərin formalaşması üçün münbit şərait yaranır, onlar milli və dini dəyərlər arasında sanki seçim etmək məcburiyyətində qalırlar. Halbuki milli və dini dəyərlərimizi qarşı-qarşıya qoymaq, bunları bir-birilərinə zidd məfhumlar kimi qələmə vermək Azərbaycan xalqına qarşı ən böyük cinayət, Allah dərgahında isə günahdır”.

Gündüz İsmayılov deyir ki, zaman keçdikcə İslama zidd adət-ənənələrimiz aradan çıxıb və ya deformasiyaya məruz qalıb: “Novruz İslama zidd olsaydı, bu dini qəbul etdiyimiz 13 əsr ərzində aradan çıxar və günümüzə qədər gəlib çatmazdı. Şübhəsiz, Novruzda xalqımızın İslamdan öncəki inancları, xüsusilə atəşpərəstliklə bağlı kifayət qədər elementlər var: oda, suya, torpağa, küləyə inam və s. Lakin bu elementlərin qorunub-saxlanılması xalqın inancının yox, keçmişə hörmətinin göstəricisi kimi qəbul edilməlidir. Belə olmasaydı, İslam Azərbaycanda kök salmaz, üstəlik atəşpərəstlik mövcudluğunu qoruyub saxlayardı.

Kimlərsə bu cür elementlərlə zəngin olan Novruzun qeyd edilməsinin atəşpərəstliyə yol açdığını, insanlarımızı İslamdan uzaqlaşdırdığını düşünürlərsə, onlar ya həddindən artıq sadəlöhvdürlər, ya da “başqalarının” təsirindən çıxa bilmirlər. Çünki Novruz İslamı zəiflədib, atəşpərəstliyə zəmin yaratsaydı, indiyədək ölkə əhalisinin ən azı yarısı atəşpərəst olardı.

Novruz İslamın ölkəmizə gəlişindən sonra da ümumxalq səviyyəsində mütəmadi qeyd edilib, amma tarixin heç bir mərhələsində ruhanilərimiz, nüfuzlu din xadimlərimiz indiki “xələflərindən” fərqli olaraq, bu bayrama qarşı olmayıblar".

Milli və dini dəyərlərimizi qarşı-qarşıya qoymaq olmaz

Novruz bayramında diqqət çəkən məqamlardan biri də insanların ölən yaxınlarının məzarını ziyarət etməsidir. Ziyarət zamanı insanlar qəbir üstünə bayram sovqatı da daşıyırlar.

İlahiyyatçı Hacı Şahin deyir ki, istənilən adət-ənənənin içində mövhumat xarakterli ayinlər ola bilər: “Bəzən adətlərimizi təftiş edə bilərik. Novruz bayramında da ilahi dəyərlərə uyğunlaşmayan elementlər var. Qəbir ziyarəti isə müsbət amildir. Çünki bayram vaxtı insanlar dünyadan köçən qohumlarını yad edirlər.

Amma qəbir üstünə şam yandırmağın, səməni qoymağın dinimizlə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, Novruz şirnilərinin qoyulmasının bir səbəbi də şirni hazırlamağa imkanı olmayan insanların nəzərə alınmasıdır. Çünki şirniləri yoxsul insanlar gəlib aparırlar".

Hacı Şahin deyir ki, milli dəyərlərimizi dini dəyərlərlə qarşı-qarşıya qoymaq yanlışdır: “İslam Novruz bayramını təsdiqləyib. Çünki İslam yayıldığı ərazidə yerli dəyərləri sıradan çıxarmayıb, əksinə zənginləşdirib. Amma milli dəyərlərimizlə dini dəyərlərimizi qarşı-qarşıya qoymaq yanlışdır. O, bizim milli adət-ənənəmizdir, dinimiz də bu adətləri təsdiqləyir”.

İnsanın varlığını təzələyən bayram

Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, digər bayramlarla müqayisədə Novruz bizim milli birliyimizi daha düzgün və dəqiq ifadə edir. Bu bayram millətin dəyərləri və adətlərini ən dolğun şəkildə özündə əks etdirir: “Bu baxımdan, Novruzun qeyd edilməsi və adətlərin yaşadılması cəmiyyətin formalaşmasına, milli şurun inkişafına da xidmət edir. Çox sevindirici haldır ki, Novruz təntənəsi cəmiyyətin bütün təbəqələri arasında müşahidə edilir. Cəmiyyətə xas bütün gözəl xüsusiyyətlər bu bayramda özünü göstərir.

Ailə, qonşuluq münasibətləri, qohumların bir-birlərinə qarşı mehribanlığı və paylaşma mədəniyyəti bu bayramın sosial təsiridir. Çox nadir bayramlardan biridir ki, cəmiyyətin formalaşmasına, dəyərlərin yaşanmasına və ailə institutunun möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Novruz bayramının qeyd edilməsi cəmiyyətə faydalılıq baxımından çox əhəmiyyətlidir".

İlhamə


Müəllif:

Oxşar xəbərlər