31 Mart 2015 12:12
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin şöbə müdiri Samir Məmmədov: ""Müstəqillik dövründən sonra bu, ilk addımdır""

Dünən Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərinin 194 nömrəli tam orta məktəbində şagirdlərin ilkin hərbi hazırlıq dərslərinin səviyyəsinə dair mediatur təşkil etdi. Tədbirə hərbi araşdırmaçı Şəmistan Nəzirli, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli də qatılmışdı.

50 məktəb üçün yüksək təminatlı hərbi kabinet

Tədbirin məqsədi haqqında məlumat verən Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrilə iş sektorunun müdiri Cəsarət Valehovun sözlərindən belə aydın oldu ki, ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün imkanlar genişlənir. Bu məqsədlə ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb.

Müqaviləyə uyğun olaraq 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxdılar, gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak etdilər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izlədilər.

Bu silahların partlamaq qorxusu yoxdur

Cəsarət Valehov qeyd etdi ki, gələcəkdə bütün məktəblərin hərbi kabinetləri müasir tələblərə cavab verən, təhlükəsiz avadanlıqlarla təmin olunması nəzərdə tutulub və bu işi Təhsil Nazirliyi prioritet elan edib: "Məlumdur ki, təlim silahları ilə bağlı hərbi hazırlıq dərslərində müəyyən problemlər yaranırdı, məktəblərdə hərbi təlimlər zamanı ictimaiyyətdə narahatlıq doğuracaq, xoşagəlməyən hadisələr baş verirdi. Amma özünüz də şahidsiniz ki, hazırda bu məktəbin hərbi kabineti ən mükəmməl şəkildə hərbi avadanlıqla təchiz olunub. Bu silahların partlamaq qorxusu yoxdur. İndiyə qədər məktəblərdə gənclərimiz avtomat silahdan nişan alması üçün ən primitiv üsullardan istifadə olunurdu. Taxta parçası qoyulurdu və şagird nişan alarkən maneələr yaranırdı. Amma hazırda dəqiq atəş açmaq üçün şagird elektron lövhədən istifadə etməklə sərrast atəş aça və bunu korreksiya edə bilir. Bu da ona əsas verir ki, Azərbaycan gənci orta məktəblərdən milli ordunun sıralarına gedərkən hərbi texnikadan istifadə etmək mədəniyyətinə daha yaxşı şəkildə sahiblənəcək. Bu da orduda baş verən neqativ halların qarşısını alacaq".

Təhsil Nazirliyinin təchizat şöbəsinin müdiri Samir Məmmədov dedi ki, Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə gənclərin çağırışaqədərki hərbi kabinetlərin müasir komplektləşdiricilərlə zərərsizləşdirilib quraşdırılması prosesinə müstəqillik dövründən sonra ilk dəfə olaraq start verilib: "Məqsəd gənclərin hərbi hazırlıqlara həm nəzəri, həm də praktik baxımdan mükəmməl yiyələnməsini təmin etməkdir".

Məktəblərə Azərbaycan istehsalı olan silahlar verilir

194 saylı məktəbin hərbi hazırlıq müəllimi İsmayıl Talıbov bildirdi ki, Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodunun istehsalı olan bu silahlardan istifadə hərbi dərslərin tədrisini asanlaşdırıb. İsmayıl Talıbovun rəhbərlik etdiyi hərbi kabinetə 3-ü elektron, 1-i isə təlim silahı olmaqla "5-45" kalibrli 4 avtomat, hücum üçün nəzərdə tutulan "RQD-5", müdafiə xarakterli "F-1" qumbaraları, piyada və tank əleyhinə 2 mina, əleyhqazlar verilib, elektron lövhəni işıqlandırmaq üçün proyektor, notbuk, printer və mikrofonlar quraşdırılıb: "Elektron silahlar lövhədə nişan alıb atəş açmaq üçün, AK-170 tipli "Kalaşnikov" avtomatı isə sökülüb yığılmaq üçün nəzərdə tutulub. 2014-cü ilin buraxılışı olan yeni dərs vəsaitləri ilə də təmin olunmuşuq".

X və XI siniflər üçün nəzərdə tutulan "Gənclərin çağırışaqədərki hazırlığı" dərsliklərinin müəllifi Həbib Ocaqov və Rövşən Qasımovdur. Hərbi ekspert Emin Həsənli bildirdi ki, yeni dərsliklər gənclərin çağırışaqədərki hazırlıq dövrü üçün daha mükəmməl variantda işlənib. Dərsliyin tərtibində Təhsil Nazirliyinin hərbi hazırlıq üzrə mütəxəssislərinin birbaşa iştirakı olub.

Niyə hərbi dərsdə qızlar çevik, oğlanlar çəkingəndi?

Hərbi hazırlıq dərslərində qızların daha fəal iştirakının səbəbləri ilə maraqlandıq. X sinif şagirdi Ayişə Həsənovanın 31 mart soyqırımı haqqında ətraflı məlumatı, Tahirə Hüseynovanın avtomatın yüksək sürətlə sökülüb-yığılmasında fəallığı, digər şagird qızların da hərbi avadanlıqlar haqqında məlumatlılığı da bunu söyləməyə əsas verir. Oğlanlardan isə yalnız Feyzi Cəfərov avtomatı 14 saniyə ərzində yığa bildi.
Hərbi ekspert Emin Həsənli qızların hərbi sahəyə marağının artmasının səbəbini belə izah etdi: "Bu fənn əvvəllər "İbtidai hərbi hazırlıq" adlandırılsa da, indi təkcə gənclərin hərbi hazırlığı üçün yox, "Gənclərin çağırışaqdərki hazırlığı" dərsi kimi tədris olunur. Yəni istər gənc qız, istər gənc oğlan hər bir fövqəladə vəziyyətə hazır olmalıdır. Sevindirici haldır ki, qızlar da bu sahədə aktivlik nümayiş etdirirlər.

Hərbi sahədən məlumatlı qız gələcəyin anasıdır, informasiyalı ana güclü övlad deməkdir. Amma əlbəttə, Qarabağ məsələsi Azərbaycan kişisinin öhdəsindədir. Gələcəyin əsgərləri həm də ailədə hazırlanmalıdır. Orta məktəblərdə kişi müəllimlərinin azlığının oğlanlarda kişi xarakterinin formalaşmasına mənfi təsir amili var. Məlumdur ki, Təhsil Nazirliyi hazırda kişi müəllimləri məktəblərə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görür.

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev tövsiyə etdi ki, məktəblərdə hərbi hazırlıq fənnini tədris edən müəllimlər hərbi xidmətdən keçsin. Bu da çox vacib amildir. Hərbi təlimlərdə iştirak edən müəllimlər üçün Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada kurs təşkil etməsinə də ehtiyac var".

Şəmistan Nəzirli: "Təbliğatı genişləndirək"

Hərbi araşdırmaçı Şəmistan Nəzirli ilə söhbət etdik. Şəmistan Nəzirli bildirdi ki, orta məktəblərə tez-tez dəvət alır, amma indiyədək məktəblərdə hərbi kabinetlərin bu cür müasir avadanlıqlarla təchizatının şahidi olmayıb. Şəmistan Nəzirlinin sözlərinə görə, gənclərdə hərbi vətənpərvərlik ruhunun artırılması üçün televiziyalar, qəzet və saytlar geniş maarifçilik işi aparmalıdır: "Bu gün 300 illik tarixi olan rus ordusunda da neqativ hallar var. Jurnalist hərbi sirr olan bəzi məlumatlar istisna olmaqla, neqativ halları da işıqlandıra bilər. Bizim gənclərdə vətənpərvərlik ruhu var, amma bu ruhu oyatmaq üçün jurnalistlər həm də bu sahədə təbliğatı genişləndirməlidir".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər