Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2015/2016-cı tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu azı 170 sm, tam orta təhsilli və ya buraxılış sinfində oxuyan 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 01.09.2015-ci ilədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2015-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Abituriyentlər Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar. Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir.
Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi verilir, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– tərcümeyi-hal;
– şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
– hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
– tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
– yaşayış yerindən arayış;
– xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə dispanser arayışları və digər tibbi sənədlər;
– 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Sənədlər 2015-ci il aprelin 1-dən 30-dək (istirahət günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi ) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcəkdir.
Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20