19 May 2014 13:56
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyası (PA) önündə aksiya keçirən “Azəriqaz” İstehsalat Birliyinin qadın işçiləri ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi Teleqraf.com-a açıqlama verib.

Qeyd edək ki, “Azəriqaz”da bəzi islahatlarla əlaqədar 50-dək qadın iş yerini itirmək təhlükəsi ilə üzləşib. Onlar PA qəbul şöbəsinin əməkdaşları tərəfindən diqqətlə dinlənilib və yerindəcə “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevlə əlaqə saxlanılıb. Əkbər Hacıyav aksiyaçıları qəbul edərək şikayətlərinə baxacağını vəd edib.

Aksiya iştirakçıları Əkbər Hacıyevin qəbulundan sonra Dövlət Neft Şirkətinə müraciət edəcəklərini deyiblər.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Teleqraf.com-a bildirib ki, aksiyada iştirak edən işçilər qurumdan onlara verilən bildirşlə əlaqədar narahat olduqları üçün toplaşıblar: “Bakı şəhəri və Abşeron rayonu qaz istismar sahələrində qəza dispetçer-xidmətləri ləğv olunub və mərkəzləşdirilmiş şəkildə təmir-tikinti idarəsinin tərkibinə qatılıb. Əmək qanunvericiliyinə müvafiq olaraq bütün işçilərə qurumların ləğv edilməsi barədə bildirişlər paylanıb. Aksiyada iştirak edənlər də həmin işçilərdir”.

Araz Ağayev bildirib ki, onların bəziləri müvafiq işlə təmin olunublar: “Bildirilişin paylanması vacib prosedurdur. Ayrılmış ştat vahidləri çərçivəsində onların bir qismi işlə təmin olunub. Onların iş xarakteri eyni olduğu üçün, əməkhaqqı da eyni qalacaq. Məqsəd operativliyi təmin etməkdir. Nə qədər yeni qurumun tərkibində ştat var, o qədər də iş təminatı aparılıb və digərləri də artıq sərbəstləşib”.

Qurum rəsmisi aksiyaçılardan nə qədərinin işlə təmin olunması barədə məlumatsız olduğunu deyib: “Mayın 15-dən bu prosesə başlanıb. Xəbərdarlıq müddəti mayın axırı başa çatır”.

NİGAR


Müəllif: