Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib.
Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilmiş konfransda iştirak edib. Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, “ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.
Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökumət sahəsində dövlət strukturlarının fəaliyyətindən, Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ölkəmizdə elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığından danışıb.
Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın təqdimatı da keçirilib.
Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib.
Sonra “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Həmçinin qeyd edilib ki, son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq müraciət qeydə alınıb.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi, digər ölkələrə çatdırılması istiqamətində əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək ümumi fikir kimi dəstəklənib.
Tədbirdə, həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının təmsilçiləri, Federal İnformasiya-Kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin, Brüssel ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, “ASAN xidmət” modelinin təqdimatı martın 30-da Romada da keçirilib. Tədbirdə bu modelin dünyanın bir çox ölkələrində nümunə kimi istifadə olunduğu vurğulanıb.
Səxavət