Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli – Borçalı bölgəsinin Marneuli şəhərində bölgənin rəhbər şəxsləri və yerli iş adamları ilə görüşüb.
Görüşdə Gürcüstanın Baş nazirinin müavinləri, hökumət üzvləri də iştirak ediblər.Yerli azərbaycanlı iş adamlarının da iştirak etdiyi görüşün məqsədi Gürcüstan iqtisadiyyatının inkişafında xüsusi yeri olan Kvemo Kartli bölgəsinin sosial-iqtisadi, mədəni inkişafına dair fikir mübadiləsi aparmaq, hökumətin hazırladığı “Güclü bölgə-güclü Gürcüstan” layihəsi barədə yerli ictimaiyyətə məlumat vermək və bu layihənin həyata keçirilməsi yollarını müzakirə etmək olub.
Baş nazir bildirilib ki, hökumət bu bölgələrin inkişafı üçün 102 milyon lari (təqribən 47 milyon ABŞ dolları) məbləğində maliyyə yardımı ayıracaq. Bu vəsait bölgələrdə sahibkarlığın, orta və kiçik biznesin inkişafı üçün nəzərdə tutulub.Görüşdə bölgənin iqtisadi inkişaf potensialı, mövcud problemlər barədə fikir mübadiləsi aparılıb, sahibkarların qaldırdıqları məsələlərə münasibət bildirilib. Sonda jurnalistlərə açıqlama verən Baş nazir İrakli Qaribaşvili qeyd edib ki,
Gürcüstanda yerli sahibkarların təqdim edəcəkləri səmərəli layihələrə dövlət tərəfindən dəstək veriləcək. O, bu cür görüşlərin davamlı olacağını bildirib.Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında Baş nazirin iş adamları ilə görüşünü mühüm hadisə adlandırıb. O deyib: "Gürcüstan hökuməti böyük potensialı olan Marneuli rayonuna xüsusi diqqət yetirir. Hökumətin hazırladığı proqramda dövlətin maliyyə vəsaiti ilə bu bölgədə yeni müəssisələrin açılması və icma layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. Mən çox şadam ki, bu görüşdə bizim vətəndaşlar olan azərbaycanlı iş adamları da iştirak ediblər. Onlar da bu layihələrdə fəal iştirak edəcək və faydalanacaqlar".