5 Aprel 2015 08:21
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda milli azlıqların mədəniyyəti festivalı keçirilib. Aprelin 4-də festivalın başa çatması ilə əlaqədar “Bir səma altında!” adlı konsert təşkil olunub. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri Dövlət Nazirliyi aparatının, Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo Kartli bölgəsi üzrə bürosunun sədri Manana Alpaidzenin və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin birgə təşkil etdikləri konsertdə bu ölkədə yaşayan milli azlıqların nümayəndələri iştirak ediblər. Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareşvili tədbir iştirakçılarını təbrik etdikdən sonra milli azlıqların nümayəndələri müxtəlif konsert proqramı ilə çıxış ediblər.

Festivalda xüsusi fərqlənən uşaq və yeniyetmələrə nazirliyin qiymətli hədiyyələri təqdim olunub.Barışıq və Vətəndaş Bərabərliyi nazirinin milli məsələlər üzrə müşaviri Zaur Darğallı AZƏRTAC-a bildirib ki, tədbirin məqsədi bu ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyətlərini inkişaf etdirmək, eləcə də onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir. Festival milli azlıqların dostluq əlaqələrini möhkəmləndirəcəkdir.Festivalın gənc iştirakçısı Fikrət Hacıyev deyib ki, tədbirdə iştirak edən azərbaycanlı uşaqlar müxtəlif alətlərdə xalq mahnılarımızı, milli rəqslərimizi ifa ediblər. F.Hacıyev festivalda iştirakdan məmnun olduğunu bildirib.Milliyətcə rus olan azyaşlı Yekaterina Borisenkova da festivalda iştirakdan məmnun qaldığını bildirib. O deyib: Mən burada özümə iki azərbaycanlı rəfiqə qazandım, onlar mənə Azərbaycan musiqilərini öyrətdilər. Mən çox şadam ki, belə dostlar qazandım.


Müəllif: