Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayıb. İlk sınaq imtahanı aprelin 5-də respublikanın 29 şəhər və rayonunda keçirilib.
Teleqraf.com TQDK-ya istinadən bildirir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 min 343 abituriyent qeydiyyatdan keçib.İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilib. Valideyninin və digər qohumların şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayıb.Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanışlığa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirirlər.