İstanbulda “Azərbaycan-Türkiyə dostluq və qardaşlıq” gecəsi təşkil edilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, konsulluğun əməkdaşları, qardaş ölkədə təhsil alan və məzun olmuş, o cümlədən müxtəlif sahələrdə çalışan vətəndaşlarımız, eləcə də türkiyəli gənclər tədbirdə iştirak ediblər.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) Türkiyə təmsilçiliyinin təşkil etdiyi gecə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
TUMİB-in sədri Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən və planlarından danışıb.Sonra təşkilatın Türkiyə təmsilçisi Lalə Həsənoğlunun çıxışı olub.
Baş konsul Həsən Zeynalov çıxışında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin bütün dövrlərində azərbaycanlı gənclərin yüksək səviyyəli təhsil almaları üçün göstərdiyi diqqət və qayğıdan bəhs edib. Diplomat bu məqsədyönlü siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsinin nəticələrindən bəhs edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil alan tələbələrin üzərinə düşən vəzifələrdən danışan baş konsul Ulu Öndərin müəyyən etdiyi dövlətçilik ideyaları ətrafında sıx birləşməyin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, yaradılan bu şəraitdən səmərəli istifadə edib elmə, biliyə yiyələnmək, kənar təsirlərə düşməmək, dövlətə, xalqa və Vətənə sədaqətlə xidmət etmək hər bir gəncin ilk növbədə vətəndaşlıq borcudur.
Gecə konsert proqramı ilə davam edib.