6 Aprel 2015 08:36
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib. DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 6-də turnirin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub: "Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcəkdir.”

DSMF-də ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlərin təşkil olunmasının artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdıran Fondun sədri deyib ki, bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.

Açılış mərasimində qeyd edilib ki, mini-futbol turnirində 8 komanda mübarizə aparacaq və yarışın qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyənləşəcək, onlara kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Naibə QURBANOVA


Müəllif: