Bu dəfə “Bölgələrdən paytaxta” Qubaya həsr olundu
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Layihə çərçivəsində Quba rayonuna həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilib.
Tədbirdən əvvəl Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və qonaqlar Quba rayonunun sosial-iqtisadi inkişafını, mədəni irsini, kulinariyasını, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizmin imkanlarını əks etdirən sərgi ilə tanış olublar.
Bölgələrdə mühüm işlər görülüb
Daha sonra Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən və müasir inkişafından söz açıb.
Nazirin sözlərinə görə, Azərbaycanın dilbər guşələrindən olan Quba hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irisin təbliğinə xüsusi önəm verib: “Son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni tədbirləri təşkil olunacaq. Bu, yeni layihədir və artıq onun icrasına start verilib.
Layihə çərçivəsində Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək”.
Nazir milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov son illər rayonda reallaşan layihələrdən, həyata keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açıb.
150 manata məcun
18 ildir arıçılıqla məşğul olan Zəfər Əzizov deyir ki, onun prinsipi keyfiyyətli, amma baha məhsul satmaqdır: “Mən arı ailələrini yaz aylarında Dəvəçi tərəfdə, yay aylarında isə Xınalıq tərəflərdə dağlarda gəzdirirəm. Arılar dağdakı bitkilərin ləçəklərindən bal toplayır. Çəkdiyim əziyyətə görə keyfiyyətli, amma baha məhsul satıram.
Balların qiyməti 15 manatdan başlayır. Tək bal deyil, məcun deyilən qarışıqda düzəldib satıram. Həmin qarışığın 820 qramlıq bankasının qiyməti 150 manatdır. Onun tərkibi arı südü, gülab və əlavə bitkilərdən ibarətdir”.
Daha bir stenddə muncuqdan hazırlanan bəzək əşyalarını nümayiş etdirən Firəngiz Əkbərova deyir ki, bijuteriya, muncuqdan işləmələr, müxtəlif cür tikişlərlə tablolar düzəldir: “6 ilə yaxındır bu işlə məşğul oluram. Bakı sakinləri əl işlərini almaqda o qədər də həvəsli deyillər. İnsanlar müxtəlif peşə sahiblərinin hazırladığı əl işlərinə biganə yanaşırlar. Biz burada böyük məhəbbətlə öz əllərimizlə hazırladığımız işlərimizi sərgiləyirik. Hər kəsə göstərmək istəyirik ki, bu işin öhdəsindən Azərbaycan xanımları da zövqlə gələ bilər. Bizim üçün vacib olan təkcə işlərimizin satılması deyil. Önəmli olan Azərbaycanda dekorativ-tətbiqi incəsənətin inkişafı etdirilməsidir”.
Tədbirin sonunda Quba rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən rolik nümayiş olunub.
Gecədə rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.
Qeyd edək ki, aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək.
Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.
İlhamə ƏBÜLFƏT