8 Aprel 2015 18:18
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri işəgötürənlərdə malik müəssisələrdə (“AKKORD” QTSC, “Azneftmaş” ASC, “Det-Al Aliminium” MMC, “Lənkəran Konserv” ASC, “Yağ Pendir-Az-Qida” ASC) əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.

Teleqraf.com-un məlumatına görə, həmin müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi sahəsində daim güclənən dövlət siyasətindən bəhs olunub, ölkədə hər bir vətəndaşın sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının konstitusion hüquqlardan biri olduğu diqqətə çatdırılıb. Görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb. Əməyin mühafizəsi, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi sahəsində işəgötürənlərin vəzifələri, habelə bu vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin nəzərinə çatdırılıb.

Son illərdə DƏMX tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına, habelə iş yerlərində əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də təbliğat-maarifləndirmə yönündə görülən işlərə də toxunulub. Bildirilib ki, görülən təsirli tədbirlər ölkəmizdə istehsalat qəzalarının, habelə bu hadisələr zamanı ölən və ya xəsarət alanların sayının kəskin şəkildə azalmasına şərait yaradıb. 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayının Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunması, aylıq çərçivəsində həyata keçirilən tədbirlər də Xidmətin bu sahədə apardığı işlərin davamı olmaqla, işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına hədəflənib.

Tədbirlərdə işçi və işəgötürənlərin iş yerlərində əmək şəraitinin texniki təhükəsizlik qaydalarına uyğun təşkili, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və s. ilə bağlı sualları cavablandırılıb, hüquqi-praktik izahatlar verilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər