9 Aprel 2015 10:58
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçilik İnstitutu elmi-praktik konfrans təşkil etdi

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutun direktoru, akademik Tofiq Hacıyev bildirdi ki, ana dili hər bir xalqın milli-mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

Ana dilinin həm də dövlət dili olduğuna diqqət çəkən akademikin sözlərinə görə, dövlət dili də dil siyasətinin əsas anlayışıdır.

Həvəsləndirici tədbirlər görülməlidir

Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən söz açan Tofiq Hacıyev bildirdi ki, sənəd əsasında Dilçilik İnstitutunda yaradılmış Monitorinq şöbəsi bu gün dilin praktik vəziyyəti ilə məşğul olan ən fəal qurumdur: “Mən Türkiyədə dil bayramında iştirak etdim. Orada müxtəlif teleaparıcılar, mətbuat nümayəndələrinin mükafatlandırlılması ilə yanaşı, bir bələdiyyə sədrinə də mükafat verilməsinə şahid oldum. Səbəblə maraqlananda dedilər ki, bu bələdiyyə sədrinin nəzarətində olan ərazidə küçə reklam və lövhələrində dil qüsuru tapılmayıb. Düşünürəm ki, bizdə də bu cür həvəsləndirici tədbirlər keçirilməli, dil bayramı təşkil olunmalıdır”.

100-ə yaxın terminoloji lüğət nəşr olunub

“Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” mövzusunda professor Sayalı Sadıqova çıxış etdi.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Azərbaycan dilinin dövlət dili statusu almasından sonra Terminologiya Komissiyasının vəzifə və öhdəlikləri daha da artıb: “Terminologiya Komissiyası son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələrində baş verən dəyişiklikləri nəzərə alaraq mühüm istiqamətlər müəyyənləşdirib. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunub. 2013-2014-cü illərdə komissiyada 25-ə yaxın terminoloji lüğətin çapı müzakirəyə çıxarılıb, onlardan 14-ü işıq üzü görüb. Logistika ilə bağlı yeni terminoloji lüğətin bu il aprelin sonunadək çapı gözlənilir”.

Sayalı Sadıqova onu da bildirdi ki, komissiyanın nəzarətindən kənar nəşr edilən terminoloji lüğətlər də var və bu, yolverilməz haldır: “Ölkədə terminologiya ilə bağlı hazırlanmış iki lüğətin çapını qadağan etmişik”.

“Terminoloji lüğətlər təbliğ edilməlidir”

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov öncə dövlətin dilə göstərdiyi qayğıdan bəhs etdi.

“Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsi vəziyyəti” mövzusunda məruzə ilə çıxış edən baş redaktor mətbuatda dil problemlərinin yaranma səbəblərindən də danışdı. Onun fikrincə, dil əsasən kitablardan, qəzetlərdən öyrənilir, amma yeni nəsil mütaliədən uzaq düşüb: “Dillə bağlı bir çox problemlər internetdən qaynaqlanır. Vaxtilə dilimiz yalnız rus dili vasitəsilə çirklənirdisə, indi beynəlxalq aləmə inteqrasiya etmişik və dilimiz həm rus, həm ingilis, həm də Türkiyə türkcəsinin təsirlərinə məruz qalır. Əksər qəzetlər korrektor ştatını ləğv edib, elektron KİV-də isə demək olar ki, korrektor ştatı yoxdur. Üstəlik, bütün sahələrdən jurnalistliyə axın var. Ona görə də mətbuatımızın dili bərbad şəklə düşüb”.

Bəxtiyar Sadıqov dilçi mütəxəssislərin müxtəlif sahələr üzrə nəşr etdirdiyi terminologiya lüğətlərinin geniş təbliğ edilərək alıcı toplamasını təklif etdi: “Həm o sahələrin insanları maariflənsin, həm də sizin zəhmətiniz batmasın, bu işlərə maddi dəyər verilsin”.

Prezident tapşırdı, ingilis dilli reklamı çıxarıldı

Sonda çıxış edən Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli mövcud problemlərdən söhbət açdı.

Monitorinq sahəsinin yeni olduğunu bildirən Qulu Məhərrəmli dedi ki, ilk baxışdan bu sahə maraqlı və cəlbedici görünsə də, daim yenilənmə və sistemli fəaliyyət tələb etdiyindən bu sahədə işləmək çətin və məsuliyyətlidir: “Bütün sahələrdə dilimiz işlənir və monitorinqlər də bütün sahələri əhatə etməlidir. Bu baxımdan dil monitorinqi Türkiyədə daha mükəmməl, sistemli və ardıcıldır. Çalışırıq ki, onların təcrübəsini yayaq. Dil proseslərini gündəlik və çevik müşahidə eləmək, toplanan materialları analizdən keçirmək enerji və vaxt tələb edir. Hazırda biz küçə adlarının monitorinqi ilə bağlı Əmlak Komitəsi ilə əlaqə yaratmışıq.

Küçə adları tək Bakı şəhəri ilə məhdudlaşmır. Monitorinqlər Sumqayıt, Gəncə və digər iri şəhərlərimizi də əhatə edəcək. Bir faktı qeyd edim ki, Prezident “Cavanşir” körpüsündən keçərkən ingilis dilində reklam görüb və dərhal dəyişdirilməsini tələb edib. Artıq Səbayel rayonundakı reklamlar Azərbaycan dilindədir".

“Aparıcılara kurslar keçəcəyik”

Qulu Məhərrəmlinin sözlərinə görə, dildə gedən proseslər mətbuatda aydın görünür, yaxşı proseslərlə yanaşı, mənfi meyillər də var: “Bəzi verilişlərdə yad dilin intonasiyası ilə danışırlar. Azərbaycan dilinin tədrisi sahəsində işlər görülməlidir. Azərbaycan dili ilə bağlı verilişlər hazırlanmalıdır. Biz Milli Televiziya və Radio Şurasının dəstəyi ilə aparıcılara kurslar keçəcəyik.

Artıq kursların proqramı və digər məsələlər hazırdır. Çalışırıq “Qaynar xətt”i istifadəyə verək. “Qaynar xətt” çox düşünülmüş və müasir sistem olmalıdır. Biz “Qaynar xətt”in fəaliyyətinin irəliyə aparılmasında mediaya güvənirik. Ümumiyyətlə, dil hamımıza aid olduğu üçün bu sahəyə ümumi dəstək olmalıdır. Bizim dərman preparatlarının tərcümə dili ilə bağlı araşdırmamızı Səhiyyə Nazirliyi süngü ilə qarşıladı, bəzi televiziyalar nöqsanlara dözümsüzlük göstərdi".

“Gündəlik Teleqraf”ın qaldırdığı mövzu müzakirədə

Qulu Məhərrəmli bütün bunlara görə dilçi mütəxəssislərə medianın dəstək göstərməsini arzuladı: “Nazirliklərdə yazışmalarla bağlı monitorinq keçirməyi planlaşdırırıq. Dərsliklərin dili ilə bağlı monitorinqlərin aparılması təklifi var. Doğrudur, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini aparır, amma bu monitorinqlər dillə bağlı deyil. Bu gün texnoloji terminlərlə bağlı, kompüterlərdə, telefonlarda Azərbaycan türkcəsinin məhdud tətbiqi və tətbiq olunarkən xeyli qüsurlara yol verilməsi mövzusu aktualdır. Bu da çox vacib mövzudur. “Gündəlik Teleqraf” qəzeti bu məsələni qaldırıb. Düşünürəm ki, redaksiya bu mövzunun daha geniş ictimailəşməsində fəallıq göstərsə, bu, işimizin xeyrinə olar. Biz də qəzetə dəstək verməyə hazırıq".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər