20 May 2014 00:20
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının “Bizim Olimpiada” fotomüsabiqəsinin qalibi olub. Mükafatların təqdim edilməsi mərasimi bu gün Sankt-Peterburqda keçirilib.

AzərTAc-ın fotomüxbirinin işləri müsabiqəyə təqdim edilmiş 1500 fotoqrafiya arasında ən yaxşılardan hesab edilib. İlqar Cəfərov “Daha sürətli! Daha yuxarı! Daha güclü!” və “Sankt-Petreburqun Olimpiya ənənələri” nominasiyalarında qalib gəlib.

Müsabiqə 2014-cü il yanvarın 24-dən martın 24-dək keçirilib. Müxtəlif ölkələrdən 300-ə yaxın iştirakçı öz işlərini müsabiqəyə göndərmişdi. Onların arasında Azərbaycan, Bolqarıstan, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna və Rusiya nümayəndələri vardı.

Müsabiqəyə yekun vuran münsiflər heyətinin sədri Rusiya Qəhrəmanı, altı dəfə Olimpiya çempionu Lyubov Yeqorovadır. Münsiflər heyətinin üzvləri olimpiya hərəkatı, Soçi Olimpiya oyunlarının parlaq şəkildə təşkil edilməsi, idmançıların mübarizəsi və azarkeşlərin dəstəyi mövzularına həsr edilmiş 1500-dən çox işin təqdim edildiyi müsabiqənin qaliblərinə və laureatlarına mükafatları təntənəli mərasimdə təbrik ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov deyib ki, AzərTAc-ın fotomüxbirinin bu müsabiqədə nail olduğu yüksək nəticə Azərbaycan xalqının zəngin yaradıcı potensialını və müxtəlif xalqların dinc yanaşı yaşamasına imkan verən Sankt-Peterburqun xüsusi ab-havasını təsdiq edir.


Müəllif: