Finlandiyada “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziya antologiyası çapdan çıxıb (bu misra İmadəddin Nəsiminin “Məndə sığar iki cahan...” misrası ilə başlanan şeirindəndir).
Antologiyada Ə.Xaqanidən zəmanəmizə qədər Azərbaycan şairlərinin yaradıcılığı geniş təmsil olunub.
Məcmuənin tərtibçisi, redaktoru və nəşr edilməsi təşəbbüsünün müəllifi yazıçı, fin ədəbiyyatının məşhur tərcüməçisi, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) və Tampere şəhəri Yazıçılar İttifaqının, habelə Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahirə Cəfərovadır. T.Cəfərova həm də Təranə Nəzərovanın rəhbərlik etdiyi Azərbaycan-Finlandiya dostluq cəmiyyətinin fəal üzvüdür. Bakıda anadan olan T.Cəfərova A.M.Qorki adına Dünya Ədəbiyyatı institutunun məzunudur. Ötən əsrin 80-ci illərində tərcüməçilik fəaliyyətinə başlayan T.Cəfərovanın tərcümələrindən ibarət ilk kitab Moskvada “İnostrannaya literatura” nəşriyyatında dərc edilib. Onun fin dilindən rus dilinə tərcümə etdiyi çoxlu kitablar, fin poeziya, nəsr, dram və yumor əsərlərindən ibarət bir neçə antologiya oxuculara yaxşı tanışdır. Tahirə Cəfərova Finlandiyada yaşayarkən Tampere şəhər universitetinin slavistika fakültəsində, daha sonra həmin universitetdə professor Varpionun rəhbərlik etdiyi fin ədəbiyyatı və incəsənəti fakültəsində çalışıb.
Azərbaycan poeziya antologiyasına daxil edilən poetik əsərləri Finlandiyanın ən yaxşı şairləri – “Finlandiya” mükafatı laureatı Xannu Myakelya, tanınmış şair və naşir, Ömər Xəyyamın və Ceyms Coysun əsərlərinin tərcüməçisi kimi tanınan Leyevu Lexto, şair, tərcüməçi və ictimai xadim Yukka Malnilen, yazıçı, şair və ədəbiyyatşünas Timo Malmi, habelə Tahirə Cəfərova özü tərcümə edib.
Finlandiyalı tərcüməçilər Tahirə Cəfərovanın peşəkar səviyyədə hazırladığı sətri tərcümələr əsasında işləyiblər. Finlandiyalı tərcüməçilər böyük poeziyanın təkcə mənəvi məzmununu deyil, görkəmli söz ustalarının şeirlərinin vəznini, qafiyə sistemini, digər özəl xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar.
Antologiyaya 27 şairin, o cümlədən Xəqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərin şeirlərin, Stalin repressiyalarının qurbanları Hüseyn Cavid və Mikayıl Müşfiq kimi böyük Azərbaycan şairlərinin poetik əsərləri daxil edilib.
“Gövhəri laməkan mənəm” antologiyasında XX əsrin böyük Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin əsərləri də təmsil olunub. Təbii ki, kitaba müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vahid Əziz, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nəsib Nəbioğlu, Kamal Abdulla və Hamlet İsaxanlının da şeirləri daxil edilib.
Kitabda əsərləri təqdim edilən bütün şairlər haqqında bioqrafik məlumatlar da var. Nəşrə ön sözdə finlandiyalı oxucuda “Odlar yurdu” haqqında təsəvvür yaradılır, onlar Azərbaycanla, Azərbaycan poeziyasının inkişaf mərhələləri və parlaq nailiyyətləri ilə tanış edilir. Kitabın üz qabığında “Aşiqlə məşuqun ilk söhbəti” adlı qədim Azərbaycan miniatürü vurulub. Bu onunla bağlıdır ki, sözügedən antologiyada dahi Nizaminin “Leyli və Məcnun poemasından “Leyli ilə Məcnunun sevişməsi haqqında” adlı fəslin tərcüməsi verilib. Bu parça Finlandiyanın məşhur liriki Xannu Myakelya tərəfindən tərcümə edilib.
Azərbaycan poeziyası ilk dəfədir ki, Finlandiyada təqdim edilir. Bu, Azərbaycan ədəbiyyatının finlandiyalı dostlarının təmənnasız təşəbbüsü sayəsində mümkün olub.