11 Aprel 2015 22:59
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı idmançı Horhe Kristovao Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedlə gələcək. İdmançı səyahətinə aprelin 10-da başlayıb. Yeddi min kilometr məsafə qət edəcək H.Kristovao səyahəti boyu bir çox ölkədən keçərək, iyunun 10-da paytaxtımıza çatacaq.

Bakıya gəldikdən sonra o özü ilə gətirəcəyi Portuqaliya bayrağını iyunun 12-də keçiriləcək Avropa Oyunlarının açılış mərasimində ölkəsinin milli komandasına təqdim edəcək.

İdmançı deyib: “Ölkəmin bayrağını Bakıya aparmaq mənim üçün böyük məna kəsb edir. Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyədək getdiyim ən uzun məsafə Fransa yolları olub. Onda doqquz gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heç nə müqayisə oluna bilməz. Çünki bu böyük səy tələb edir və missiyamın öhdəsindən gələcəyimə əminəm. Bu səyahətimə Portuqaliya Milli Olimpiya Komitəsi dəstək verib. Avropa Oyunlarının daha da tanıdılması məqsədi daşıyan bu təşəbbüsümü “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi də böyük məmnuniyyətlə qarşıladı”.

H.Kristovao bildirib ki, səyahəti boyunca İspaniya, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan Milli Olimpiya komitələrinə, həmçinin Avropa Olimpiya Komitəsinin Romadakı Baş Qərargahına və Yunanıstanın Saloniki şəhərindəki Olimpiya Muzeyinə baş çəkəcək.

“İyunun 10-da Portuqaliyanın Milli Bayramı Günündə Bakıya çatacağam. Burada bir neçə gün qaldıqdan sonra iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm”-deyə idmançı qeyd edib.


Müəllif:

Oxşar xəbərlər