Kimsəsiz və aztəminatlı ailələrin uşaqları üçün mərasim təşkil olunub
Ötən gün Sabunçu rayonunda Azərbaycan Uşaqlar Birliyi və Facebook sosial şəbəkəsində yaradılmış “Evdəkiləri çörəksiz qoymayaq” adlı qrupun təşəbbüsü ilə kimsəsiz və aztəminatlı ailələrdən olan 20 uşağa “kiçik toy” mərasimi təşkil olunub.
Keçirilən tədbirə biz də dəvətliydik. Restoranlardan birinin bəzədilmiş kiçik zalında valideyn və uşaqların əyləşmişdi. Hamı kiçik toy mərasiminin başlanmasını gözləyirdi. Üzlərdə sevinc və həyəcan vardı.
“Evdəkiləri çörəksiz qoymayaq”
Mərasimin təşkilinə gərəkən vəsait “Evdəkiləri çörəksiz qoymayaq” qrupunun səyləri nəticəsində yığılıb. Əvvəlcə bu qrupu yaradan və tədbirin keçirilməsinə təşkilatçılıq edən şəxslə söhbətləşdik.
Şirkətlərin birində tibb avadanlıqları mühəndisi və ingilis dili üzrə sinxron tərcüməçi işləyən Elvin Rəcəbli deyir ki, qrupu yaratmaqda məqsədi kimsəsiz və imkansız insanlara az da olsa kömək göstərməkdir: “Qrupumuz maddi yardım toplayaraq hər gün Azərbaycan Dövlət Dram Teatrı qarşısındakı köşkdə imkanı olmayan insanlara iki dəfə pulsuz çörək paylayır. Mən bu işlə könüllü məşğul oluram, bu, mənim işimə-fəaliyyətimə heç bir mane yaratmır. Bu kampaniyaya oktyabrın 1-dən başlamışam. Məqsədim 40 qəpik çörəkpulu tapmayıb, işləyə bilməyən imkansız və yaşlı insanları pulsuz çörəklə təmin etməkdir.
Belə adamlar hər gün iki dəfə Beşmərtəbə dairəsindən “Nizami” metrosuna gedən yola dönən kimi, “Günaydın” restoranının yanındakı press-köşkdən pulsuz çörək götürə bilərlər. Gün ərzində 50 çörək olmaqla həftənin beş günü press-köşkə çörək verilir. Bu da aya təxminən 1200-1400 arası çörək edir.
Pul yığımı tam könüllüdür. Könüllü vəsait “Nizami” metrosundan yuxarıda “Caspian Plaza”da yerləşən “IB club” gənclər mərkəzində yığılır. Oraya bir qutu qoyulub, yardım etmək istəyənlər pulu həmin qutuya atırlar. Yığılan pula aylıq çörəyi mən sifariş edirəm”.
Arzulayanlar “Evdəkiləri çörəksiz qoymayaq” qrupuna Facebook-da üzv ola və maddi yardım göstərə bilərlər.
“Məhlədəki qızdan eşitdim”
Elvin Rəcəbli deyir ki, indi də Azərbaycan Uşaqlar Birliyi ilə Facebook sosial şəbəkəsində “Sığınacaqda kiçik toy” adlı dəvət tədbiri təşkil edib: “Bu dəfə də “IB club” adlı gənclər mərkəzinin müdiri icazə verdi ki, pul yığımını orda edək. Kim kömək etmək istəyirdisə, “IB club”a yaxınlaşıb, gücü çatan 2-10 manat arası pul verirdi. Facebook-da görənlər, eşidənlər, iş yoldaşlarım, tanışlar, dostlar köməyini əsirgəmədilər. Sonra Sabunçu rayonunda da bir şadlıq evi ilə danışdıq. Həkim Mirsaleh Adullayev təmənnasız olaraq 20 uşağın əməliyyatını öz üstünə götürdü”.
Tədbirə kimsəsiz, aztəminatlı, imkanı olmayan ailələrin uşaqları cəlb olunmuşdu.
Uşağını sünnət etdirməyə maddi imkanı çatmayan Vüsalə Rəsulova deyir ki, ailə çətin şəraitdə yaşadığı üçün gözləməli olublar: “Bizim məhləmizdə bir qız yaşayır. Mənə dedi ki, Facebook-da “Evdəkiləri ac qoymayaq” qrupu kimsəsiz, maddi imkanı olmayan ailələrin uşaqları üçün “kiçik toy” təşkil edir, istəyirsən sən də danış, uşağını apar. Həm kiçik toy çaldırırlar, həm də, sünnət edirlər. Təkcə həyat yoldaşım işləyir deyə uşağı sünnət etdirməyə imkanımız yoxdu, ona görə mən də oğlumu bura gətirdim. Bu sevinci bəxş etdikləri üçün təşkilatçılar təşəkkür edirəm”
Sığınacağın kimsəsiz uşaqları
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, sünnət olunacaq 20 uşaqdan 10-u sığınacaqda yaşayır: “Biz bu tədbiri hər il keçiririk. İlk dəfə 5, sonra 10 uşağın sünnət aksiyasını keçirmişdiksə, bu il onların sayını 20-yə çatdırmışıq. Əslində müraciət edənlərin əksəriyyəti bizim aztəminatlılar ailələr siyahısındadır. Onlar bizdən övladları üçün hüququ-psixoloji yardım alır, qısa müddətli sığınacaqda yaşayırlar. Amma artıq uşaqlar ailələrinə qayıdıb. Biz onları ayrıca aztəminatlı qrup kimi göstəririk. Digər 10 uşaq sığınacağın sakinləridir”.
Kəmalə Ağazadə deyir ki, tədbirdən sonra uşaqlarla birlikdə klinikaya yollanıb və onlar sünnət olunublar: “Hazırda analarının, nənələrinin yanında müalicə alırlar. Çünki sığınacaqda 10 uşağa baxmaq çox çətindir. Valideynlər bir həftə uşaqlara baxacaqlar. Sonra onlar yenidən sığınacağa qayıdacaqlar. Yalnız 2 uşaq tamam kimsəsiz olduğu üçün onlara sığınacaqda qulluq edilir. Mən onlara imanlı müsəlman olmağı arzulayıram. Bu işdə bizə gənclər böyük dəstək verdi. Yemək xərclərinin, restoranın qiymətində isə bir qrup dindar xanım köməklik göstərdi”.
Müğənnilər “gələcəyik” desələr də...
Aksiyaya dəstək verən Rübayə Rəcəbova deyir ki, məqsəd kimsəsiz və imkanı olmayan insanlara kömək göstərməkdir: “Yardım edənə maddiyyatın heç bir önəmi yoxdur. Kiməsə az da olsa sevinc bəxş etmişiksə, bu bizə kifayət edir”.
Elvin Rəcəblinin sözlərinə görə, təşkil oluna tədbirdə hər şey yaxşı keçdi, amma tanınmış müğənnilər gəlməyə söz versələr də vədə əməl etmədilər: “Mərasimdə hər şey təmənnasız oldu. Avtobus təşkil edildi, restoran ucuz qiymətə razılaşdı. Tanınmış müğənnilərə tədbir barədə məlumat verdik, onlardan gəlib təmənnasız oxumağı xahiş etdik. Ramal, Elza Seyidcahan, Kərim dedilər ki, həmin gün toy olmasa gələcəklər. Mən bilən, toy saat 18-dən sonra başlayır. Bizim mərasim isə səhər saat 11-dən 15-ə kimi idi. Yalnız Namaz Quluzadə adlı müğənni gəldi. O, uşaqları əyləndirmək üçün klounlar, sehrbaz da gətirmişdi”.
Məlumat üçün bildirək ki, sünnət aksiyasında 20 uşaqdan 14-ü sünnət edildi. Qalanlar isə xəstə olduqları üçün əməliyyat gələn həftəyə təxirə salındı.
Keçirilən “kiçik toy”da ümumilikdə120 nəfər iştirak edirdi.
İlhamə ƏBÜLFƏT