20 May 2014 12:24
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yer kürəsinin su balansı dəyişəcək”.

Dünya okeanındakı suyun səviyyəsinin getdikcə artması insanları daha çox narahat etməkdədir. Buna səbəb iqlim dəyişikliyi nəticəsində son bir neçə ildə buzlaqların sürətlə əriməsidir ki, bu, dünya okeanında suyun səviyyəsini sürətlə yüksəldir.

Teleqraf.com Xezerxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun bildirdiyinə görə, Arktikada buzlaqların əriməsi iqlimin dəyişməsinin nəticəsidir:

“Buzların əriməsi dünya okeanının səviyyəsini qaldırır. Ancaq bunun Xəzər dənizi ilə əlaqəsi dolayıdır. Yəni, buzlaqların əriməsini Xəzərdə hiss etmək çətin olar. İqlimin və dünya okeanının səviyyəsinin dəyişməsi özündə bir yenilik gətirəcək. Yer kürəsinin su balansı dəyişəcək. Proses davam edəndə rütubətli ərazilərdə yağıntının miqdarı bir qədər də çoxalacaq. Quraq ərazilərdə isə yağıntının miqdarı azalacaq.

Xəzər dənizinin su yığımı əsasən Volqa çayındandır. Volqa çayının ərazisi də rütubətlidir. Ona görə də gələn suyun miqdarı bir qədər çoxalacaq. Bu amil səviyyəni qaldıra bilər. Amma Xəzərin özü quraq zonada yerləşir.

Yəni, paralel olaraq buxarlanma da intensivləşəcək. Nə qədər çox su gələcəksə, bir o qədər çox su buxarlanacaq. Dəniz özünü tənzimləyəcək. Həm də səviyyə qalxdıqca səthin sahəsi böyüyür və buxarlanmanın miqdarı çoxalır. Bu da səviyyənin çox qalxmasına imkan vermir. Lakin ümumi tendensiya Xəzər dənizinin səviyyəsinin dəyişməsinə gətirib çıxara bilər”.

İnstitutun “Eko-coğrafiya” şöbəsinin müdiri Ənvər Əliyev bildirir ki, Xəzər dənizi qapalı sistemdir, dünya okeanı ilə heç bir əlaqəsi yoxdur:

“Əgər dünya okeanı 7 metr qalxarsa, Xəzər dənizinə Qara dəniz vasitəsi ilə axın ola bilər. Atlantik Okeanından Aralıq, Mərmərə, Ögey, Qara və Azov dənizinə və ordan da Kuma-Manıç çökəkliyi ilə su Xəzərə gələ bilər. Ancaq okeanın 7 metr qalxma ehtimalı azdır. Xəzər dənizinin özünü qalxıb-enmə məsələsi isə qanunauyğunluqdur.

Xəzər dənizində qalxıb-enmə iqlim hadisələri ilə daha çox bağlıdır. Əgər yağıntıların çoxalması baş verərsə, Xəzər dənizinin səviyyəsi qalxa bilər. Təcrübə göstərir ki, Xəzər dənizinin 1-1,2 m enib-qalxma amplitudası var”.


Müəllif: