Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifə təyinatı olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlmuata görə, nazir Səlim Müslümovun əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub. İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib. İlqar Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaq.
Naibə QURBANOVA