15 Aprel 2015 00:53
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər.

Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq maarifləndirmə məqsədilə keçirilən bu tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib. Cəlilabaddakı dini durumdan danışan icra baçşısı qeyd edib ki, bölgədə qeydiyyatdan keçmiş dini icmaların hamısına fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini bildirən Ə.Əziziv dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. O qeyd edib ki, dini-etiqad azadlığının təmin olunması, bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Komitə sədri qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir. Komitənin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan M.Qurbanlı radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə komitə cəmiyyətin bütün strukturları, o cümlədən QHT-lərlə birgə bir sıra layihələr həyata keçirir. Dövlət komitəsinin sədri qeyd edib ki, biz milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq. Dövlət Komitəsinin bu cür maariflənidirici tədbirləri gələcəkdə də davam etdiriləcək.

Konfransda içtirak edən millət vəkili Mirkazım Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Bölgə qazısı Prezident İlham Əliyevin dini maarifləndirmə işinin genişləndirilməsi məqsədilə dini icmalara maliyyə yardımı ayırmasını yüksək qiymətləndirərək bildirib ki, ölkədə aparılan düzgün siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur.

Sonra konfrans işini plenar iclaslarda davam etdirib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər