2015-ci ilin fevral ayında Gəncə Avtomobil İstehsalat Birliyi ilə Rusiyanın nəhəng avtomobil şirkəti olan “KamAZ” ASC arasında bağlanmış uzunmüddətli müqavilə artıq reallığa çevrilib. Müəssisədə avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı geniş hazırlıq işləri görülüb, avtomobillərin yığımı üçün konveyer xətti hazır vəziyyətə gətirilib.
Teleqraf.com-un xəbərinə görə, aprelin 14-də yeni konveyer xəttinin açılışı olub. Açılış mərasimində Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Koqoqin iştirak ediblər.
Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin prioritet sahə olduğunu qeyd edib, bu işə ölkə başçısının daha çox önəm verdiyini diqqətə çatdırıblar.Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışını məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov çıxışına bu sözlərlə başladı:-Azərbaycanda, xüsusilə Bakıda gördüklərim məni heyran etdi. Respublikada gedən sürətli yüksəliş söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu yeni əlaqələr isə söz yox ki, başlanğıcdır.“KamAZ”-ın Gəncə avtomobil zavodunda yığılması isə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin başlanğıcı kimi dəyərləndirmək olar.
Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşınının konveyerdən çıxmasını müşahidə edən Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və onu müşaiyət edən rəsmi şəxslər zavodda istehsalat sahələri ilə yaxından tanış olub, mütəxəssislərlə söhbət ediblər.
Daha sonra Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov “Gəncə ASAN” Mərkəzi ilə yaxından tanış olub.