15 Aprel 2015 15:46
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının nümayəndələri ilə görüşü olub.

Qrupun rəhbəri, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qonaqları salamlayaraq deyib ki, Xəzər Strateji İnstitutu nəinki bölgədə, dünyada öz araşdırmaları ilə tanınır. Bu araşdırmalar Xəzər bölgəsinin iqtisadi, siyasi və strateji potensialının öyrənilməsində, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.

Komitə sədri ölkəmizin həyata keçirdiyi enerji layihələrindən, o cümlədən TANAP layihəsindən danışdi. Onun Avropanın enerji təhlükəsizliyi baxımından vacibliyini söyləyərək, ölkəmizin regionun inkişafındakı rolunu xüsusi qeyd etdi.

Sonra Nizami Cəfərov Milli Məclisin fəaliyyəti ilə bağlı qonaqlara məlumat verdi. Bildirildi ki, ölkəmizin qanunvericilik orqanında fəaliyyət göstərən və onun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda 30-dan çox millət vəkili təmsil olunub. Deputatlarımızın qarşılıqlı səfərləri münasibətlərimizin möhkəmləndirilməsi, təcrübə və informasiya baxımından əhəmiyyətlidir. Milli Məclis və Xəzər Strateji İnstitutu arasında da əlaqələrin qurulması, birgə araşdırmaların aparılması üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə çıxış edən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş, İnstitutun Ali Məşvərət Şurasının üzvləri Halil Akıncı, Dəniz Ülke Arıboğan, İnstitutun Elm və Mütəxəssislər Qurumunun sədri Bekir Günay, İnstitutun əməkdaşı Seda Birol ölkələrimiz arasında əlaqələrin möhkəmliyindən danışdılar. Azərbaycanda müşahidə etdikləri dinamik inkişafdan, ölkəmizin iqtisadi baxımdan güclənməsindən qürur duyduqlarını bildirdilər.

Söhbətdə tərəflər Cənub Qaz Dəhlizi, Trans-Anadolu qaz kəməri (TANAP) kimi birgə layihələrin əhəmiyyəti, habelə bölgənin inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər aktual məsələlər ətrafında fikirlərini bölüşdülər. Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Əhməd Vəliyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı və Jalə Əliyeva iştirak edib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər