16 Aprel 2015 08:26
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun “Koordinasiya birləşmələri” şöbəsinin müdiri Əjdər Məcidovun “Molekulyar maqnitlər və keçiricilər” adlı məruzəsi dinlənilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə müsair materialşünaslığın tələblərinə uyğun olaraq, sintez olunan yeni materialların sınağı və dəyərləndirilməsi üçün Bölmələrarası xüsusi qrupun təşkili, göstərilən istiqamətlərdə elmi tədqiqatları davam etdirmək üçün institutun maddi-texniki bazasının zəruri avadanlıqlarla təmin edilməsi məqsədəuyğun hesab edilib.

Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatlarına keçirilən müsabiqələrin nəticələri açıqlanıb. Bildirilib ki, müsabiqələr qaydalara uyğun olaraq təşkil edilib və onun keçirilməsi, həmçinin şərtləri haqqında elan kütləvi informasiya vasitələrində, o cümlədən “Azərbaycan” qəzetində, AMEA-nın “Elm” qəzetində və www.science.gov.az internet portalında yerləşdirilib. Qızıl medal və adlı mükafatların bu il aprelin 29-da keçiriləcək AMEA-nın Ümumi Yığıncağında sahiblərinə təqdim olunacağı vurğulanıb.

İclasda haqqında danışılan növbəti məsələ Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) iki ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub. Ölkə başçısının Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb. Tədbirdə bu bölmələrin işinin təşkili ilə əlaqədar Ümumi Yığıncaq qarşısında vəsatət qaldırılması qərara alınıb. Növbəti, qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlərin planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamının icrasından irəli gələn məsələlər, həmçinin, “AMEA-nın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi, AMEA-nın “Elm”Nəşriyyat-Poliqrafiya İdarəsinin 2015-ci il üzrə tematik planı, əmək qanunvericiliyinə edilmiş dəyişikliklərin AMEA-nın elmi müəssisələrində tətbiqi, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər Məcmuəsi”nin Redaksiya Heyətində qismən dəyişiklik edilməsi haqqında məsələlər müzakirə edilib.

Fiziologiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Polimer Materialları İnstitutunun elmi şuralarının yeni tərkibi, həmçinin, Tarix İnstitutu, Dilçilik İnstitutu, Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutunun elmi şuralarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunub. Rəyasət Heyəti Fizika və Tarix institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda beynəlxalq “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar” laboratoriyasının yaradılması və Folklor İnstitutunda “Arxetip” elmi jurnalının təsis edilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə də toxunulub. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini və Aygün Arifli həmin idarənin Qanunvericilik təminatı şöbəsinin rəisi, həmçinin, fizika üzrə elmlər doktoru Oqtay Qasımov Fizika İnstitutunun Biofizika və Smart Materialları Mərkəzinin rəhbəri vəzifələrinə təyin ediliblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər