AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq yanvar-aprel aylarında aparılmış monitorinqlərin nəticələrini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, monitorinqlər ölkənin 6 televiziya kanalının – İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV-nin xəbər və xəbərdən törəmə proqramlarının dili ilə bağlı keçirilib.
İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrupun rəhbəri Şahlar Məmmədlinin açıqlamasına görə, statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyəsi üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurudur.
Şahlar Məmmədlinin sözlərinə görə, araşdırma zamanı 20% fonetik norma, 24% leksik norma, 27% üslubi, 22% moroloji və 7% qrammatik noma pozuntusu məlum olub: “Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normasının pozulma hallarını əks etdirən dil faktlarından 15 %-i İctimai TV-də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18% -I Xəzər TV-də, 17%-i Space TV-də, 21%-i isə Lider TV-də müşahidə edilib”.
Şahlar Məmmədli bildirib ki, fonetik normaların tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də olub.
Sevil