Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sədaqət Əsgərova ifadə verib. O, bildirib ki, mənzil almaq üçün “Xudafərin” MMC-də Anar adlı şəxslə müqavilə bağlayıb. Onun sözlərinə görə, binanın tikintisi başa çatsa da, mənzillərdə yaşamaq üçün lazımı təchizatlar hazır deyil.
Sədaqət Əsgərova qeyd edib ki, mənzilinin açarını alıb, mənzili başqasına satılmayıb: “Həmin binada mənzil özümə məxsusdur. Təqsirləndirilən şəxslərə qarşı şikayətim yoxdur”.
Prokurorun suallarına cavab verən zərərçəkmiş bildirib ki, mənzil almaq üçün 37 min 200 manat ödəyib. Onun sözlərinə görə, onu heç kim aldatmayıb: “Mən heç kimi ittiham etmirəm. Heç kimdə məni aldatmayıb. Pulumu mənimsəmiş olsaydılar o boyda binanın tikməzdilər. Bu barədə də korrupsiya idarəsinə şikayət etməmişəm. Məni idarəyə iki dəfə çağırıblar. Orada əvvəlcə sorğu-sual etdilər. İkinci dəfə isə Nazim müəllimlə görüşdüm. O, bildirdi ki, “Xudafərin” MMC ilə bağlı araşdırma aparıblar. O, evimin başqasına satılmadığını bildirdi”.
Daha sonra Abdulla Abdullayevin vəkili Osman Kazımov cinayət işi üzrə adı keçən 8 zərərçəkmişin ərizəsini məhkəməyə təqdim edib. O, bildirib ki, zərərçəkənlər ərizələrində Abdulla Abdullayevdən şikayətçi olmadıqlarını qeyd ediblər. Hakim həmin zərərçəkənlərin ərizəsini cinayət işinə əlavə ediblər.
Abdulla Abdullayev bildirib ki, “Xudafərin” MMC bina tikintisinə 2003-cü ildə başlayıb. Onun sözlərinə görə, 2004-cü ildə AMAY-ın köçürülməsi tədbiri ilə bağlı binanın tikintisi dayandırıb: “Həmin il vətəndaşları toplayaraq bildirdim ki, binanın tikintisi iki il gecikəcək. 2008-ci ildə isə vətəndaşların prokurorluğa şikayətindən sonra tikinti tamami ilə dayandı”.
Təqsirləndirilən şəxs daha sonra əlavə edib ki, 2012-ci ildə “Xudafərin” MMC-də payçı olanları toplayaraq binanı istismara təhvil verilməsini müzakirə ediblər. Onun sözlərinə görə, həmin vaxt payçılar firmanı onların adına rəsmiləşdirilməsini istəyiblər. Abdulla Abdullayev bildirib ki, onların bu təklifi ilə razı olmayıb: “Onlara dedim ki, kredit götürərək bu tikintini başa çatdırmaq lazımdır. Onu da bildirdim ki, “Xudafərin” MMC-nin adına kredit götürmək olmaz. Onlara dedim ki, şəxslərinə adına 5-6 min kredit götürülsün, həmin kredit borcunu da özüm ödəyəcəm. Amma həmin vaxt razı olmadılar. Bu gün həmin şəxslər burada zərərçəkmiş kimi tanınırlar”.
Abdulla Abdullayev qeyd edib ki, iş üzrə zərərçəkmişlərin şikayətçi olması işin gecikməsinə səbəb olur: “Binanın tikintisində elə də problem qalmayıb. İşıq çəkilib, kanalizasiya xətti var. Burada zərərçəkənlər allahsızlıq edirlər. Binanın fundamenti 2 metr dərinliyində qazılıb. Binalar 7-8 bal gücündə zəlzələyə uyğun tikilir. Amma biz binanın 10 bal gücündə zəlzələyə tab gətirməsi üçün tikmişik. 2 bal zəlzələyə görə, əlavə 70 faiz xərc çəkmişik”.
Abdulla Abdullayev daha sonra haqqında yazılan yazılara münasibət bildirib: “Qəzetlərdə oxuyuram, haqqımda çox şey yazırlar. Yazırlar ki, mitinqlərdə müxalifətçiləri döymüşəm. Amma bir nəfər çıxıb demir ki, məni döyübsən”.
Məhkəmə iclası aprelin 20-də davam etdirləcək.
Hacı Zeynalov