Müəllif Hüquqları Agentliyi son günlər kütləvi informasiya vasitələrində “Səni axtarıram” televiziya verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə məsələyə aydınlıq gətirdi.
Agentlikdən bildirilib ki, ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz. Verilişin formatının dəyişdirilməsi, digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.
ATV ilə Xoşqədəm Hidayətqızının birgə məhsulu olan “Səni axtarıram” televiziya verilişi ətrafında gedən qalmaqalın hüquqi aspektləri ilə bağlı məsələ aydınlaşandan sonra cəmiyyəti bir sual düşündürməyə başladı. Bəs, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair və yazıçılar bu barədə nə fikirdədir?
Ümumiyyətlə, qələm adamları "Səni axtarıram" verilişinə baxırlarmı? Bu veriliş onlara lazımdırmı?
Teleqraf.com şair və yazıçıların fikirlərini təqdim edir.
Bilal Alarlı:
“Xoşqədəm Hidayətqızının verilişi baxımlı olmaqla yanaşı gərəklidir. Mən belə hesab edirəm. Veriliş çoxlarının ümid yeri olub və görünür, bir müddət ümid yeri olaraq qalacaq. Əlbəttə, Azərbaycan televiziyalarının ideal verilişləri yoxdur, amma az-çox tamaşaçı rəğbəti qazanan verilişlər var. "Səni axtarıram" belə verilişlərdəndir. Sadəcə, Xoşqədəmə qarşı qısqanclıq var, onun şöhrəti, veriliş sayəsində qazandığı əlaqələr kimlərisə narahat edir. ATV-də bir neçə baxımlı veriliş var, son vaxtlar hətta ANS-in reytinqli verilişlərini üstələyib. Amma hamısı bu səviyyədə deyil. Mən ATV-yə bəzən yalnız Xoşqədəm Hidayətqızının verilişinə görə baxıram”.
Elçin İsgəndərzadə:
“Səni axtarıram”ı çox səviyyəsiz bir veriliş hesab etdiyimdən bir dəfə də olsun baxmamışam. Ona görə də fikir yürüdə bilmərəm. Hətta bir dəfə şəhərdə sərnişin avtobusunun üzərində bu verilişin Roma papasından bir azca böyük reklamını görəndə heyrət etdim ki, İlahi, bu boyda səviyyəsizlikmi olar?”.
Rafiq Hümbət:
“Düzünü desəm, bu verilişə nadir hallarda baxmışam. Ancaq bilirəm ki, formatı və məzmunu ikrahedici deyil. Tamaşaçı zövqünə hörmət bəslədiyim bir neçə dostumla bu barədə söhbət də etdim. Yekdil fikir bu oldu ki, televiziyalarımızı zəbt etmiş bir çox bayağı şoulardan bu proqram qat-qat faydalıdır. Hörmətli Vüqar Qaradağlı ilə Xoşqədəm xanım arasında yaranmış problemə gəlincə, düşünürəm ki, istənilən halda müəllifi - əziyyət çəkəni, araya-ərsəyə gətirəni daha çox dəstəkləmək gərəkir və Vüqar müəllim də belə bir addım atsa, daha xoşməramlı olar”.
Akif Əhmədgil:
“Adamların başını qatmaq ücün düşünülmüş bir şoudur “Səni axtarıram” verilişi. Bir də ki, “axtaran tapar” deyiblər. Xoşqədəm xanım da artıq Doğuşu tapıb. Daha verlişə nə gərək?”
Səxavət Talıblı:
“Mən bu verlişə deyim ki, mütamadi baxırdım, yalan olar. Amma bəzi hallarda izləyirdim. Pis proyekt deyildi, amma kimlərsə onu gəlir mənbəyi kimi istifadə edərsə, bu, düzgün olmaz. Çox güman ki, Vüqar Qaradağlı ilə Xoşqədəm Hidayətqızı arasında bu qalmaqal maddiyatla bağlıdır. Tamaşaçı üçün bu verlişin hansı kanalda getməsi əhəmiyyət kəsb eləməməlidir, izləyicilər üçün bunun fərqi yoxdur. Yetər ki, verliş nüfuzdan düşməsin, izləyicisini itirən hər bir verliş mənasını da itirmiş olur”.
Baloğlan Cəlil:
“Səni axtarıram” əslində, Rusiya kanalından bəhrələnib. Bəlkə də, dünyanın hər yerində buna oxşar veriliş var. Pis veriliş deyil. Maddi maraq güdülməsə, insanlara xidməti əvəzsiz ola bilər. Xoşqədəm xanımın maraqlı bir neçə verilişinə baxmışam. Bəzən həddindən artıq poza və dramatik süni şişirdilmiş şeylər adamı bezdirir. Bəzi qüsurların olmasına baxmayaraq, mənə elə gəlir, “Səni axtarıram”ın bir veriliş kimi davam eləməyi bu gün çox vacib və əhəmiyyətlidir. Halbuki, mən çox az hallarda onu izləmişəm”.
Məmməd Dəmirçioğlu:
“Mən həmişə səmimi olmuşam. Bu verliş ölkədə ən reytinqli verlişlərin sırasındadı. Amma mən nadir hallarda baxıram bu verlişə. Açığını deyim ki, mənim xoşuma gəlmir. Ümumiyyətlə, bütün telekanallar bayağılıq yuvasına çevrilib. Millətin zövqünü və təfəkkürünü amansızcasına məhv edirlər bu bayağı verlişlərlə”.
Eldar Səfa:
“Səni axtarıram”a çox az hallarda, o da təsadüfən baxmışam. Özü də məcbur olub ala-çiy baxırdım, məndə ala-çiy təəssurat yaradırdı. Xoşlamırdım. Bəzi qeyri-səmimi səhnəciklər ifrat dərəcədə ikrah doğururdu. Heç yadıma da düşmürdü ki, o veriliş üçün darıxım. Və “Səni axtarıram” verilişi gedərkən, Rafaellə Coşqun “itirin ki, biz tapaq” ironiyasını xatırlayırdım”.
Sevinc Arzulu:
“Məncə, bu veriliş lazımlı verilişdir. Düzdür, özüm arada baxıram. Çünki pis oluram, ürəyim ağrıyır. Amma illərdir itkin düşənlərin tapılmasında, yaxın insanları bir-birini tapmasında bu verilişin əvəzi yoxdur. Bilirəm ki, verilişin müəlliflik hüququ üstündə mübahisə gedir. Amma məncə, "Səni axtarıram"ın müəlliflik hüququ Xoşqədəm xanıma məxsus olmalıdır”.
Elşən Əzim:
“Bizim evdə kompyuterlə televizor üz-üzədir. Ona görə də həmişə mənim arxam televizora tərəf olur. Ancaq əvvəllər "Səni axtarıram" verilişinə baxmışam. Sonra gördüm ki, külfətin yanında ağlayıb xəcalət oluram, baxmadım. Hesab edirəm ki, o proqram itkin düşən doğmalarını axtaran insanların hayına çatırdı. Son illər baxmasam da, maraqlı proqram olduğunu hesab edirəm. Birisini itirmək, ömrü boyu axtarmaq çox çətindir. Bəlkə də tapmaq daha da əzablı olur, axtarıb tapdığın xəyalında yaşatdığın kimi deyilsə, tamam dəyişibsə, məhv olubsan”.
Əziz Musa:
“Mən o verlişə baxmıram . Əgər bir adam itibsə, qoy bu işlə əlaqədar qurumlar məşğul olsunlar. Əgər itən adamı Xoşqədəm xanım tapacaqsa, dövlət qurumları nəyə lazımdır. Hər halda veriliş ATV-də qalsa yaxşıdır, ANS-ə belə veriliş yaraşmır”.
Firudin Şahbuz:
“Məncə, ən azından ailə-uşaqlarını atıb gedənlərin aqibətini görmək kimlərəsə bir dərsdir. Yəni demək istəyirəm ki, bu verilişin cəmiyyət üçün xeyri var. Ziyanı yoxdur. Məncə, “Səni axtarıram” ATV-də qalsa, daha yaxşı olar”.
Yusif Məhəmmədoğlu:
“Desəm ki, “Səni axtarıram” verilişinə ardıcıl baxıram, yalan demiş olaram. Desəm ki, baxmıram, bu da yalan olar. Bir neçə dəfə baxdığım olub. Mənim üçün heç bir maraq kəsb eləmir. İnsanların taleyi ilə bağlı karyera qazanmağı qəbul eləmirəm. Verilişin lazımlı və ya lazımsız olmasına fərqli yanaşmalar olacaq. Bu da qəbul ediləndir. Müəyyən mənada insanlara kömək olub. Bunu danmaq da olmaz. Amma artıq bu yöndə başqa verilişlər də var. Şəxsən mənim fikrimə gəlincə, mən bu verilişin daimi izləyicisi deyiləm və bu veriliş məni də maraqlandırmır”.
Qəmər Ana:
“Səni axtarıram” verilişi çox gözəl verlişdir. Bu verlişi sevən və baxanlar çoxdur. O verilişdə Xoşqədəm xanım qərib ölkələrdə itkin düşən insanları taparaq, onun taleyi haqqında geniş məlumat verərək, aqibətini göstərir. Ananı oğul, atanı uşağı ilə, qardaşı bacı ilə görüşdürür. Faciəli aqibəti olanları göstərir və gənclərimiz ibrət götürür. Kaş Vüqar Qaradağlı, bu verilişi bağlamayaydı. ATV kanalı gözəl, sevimli kanaldı. Xoşqədəm xanım deyir, verilişi ona görə bağladılar ki, dedilər, milli-mənəvi dəyərlərə ziddir. Mən burada heç bir ziddiyət görmürəm. Doğrudan da layihə Xoşqədəm xanımın dediyi kimi onundursa, yəqin ki, ANS-də yoluna davam edəcəkdir. “Səni axtarıram”ın adını dəyişmək şərt deyil, əsas o verilişi təşkil etmək və xalqa çatdırmaq dır. Xoşqədəm xanım bu verlişi insafla desək, çox gözəl və canlı apararaq özünü xalqa sevdirmişdi. ATV kimi gözəl bir kanalın bu verilişi dayandırmasına çox təəssüf edirəm”.
Kərmət Böyükçöl