17 Aprel 2015 18:16
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlahı qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Adil Əl-Fəlahın Azərbaycanın dostu olaraq ölkəmiz üçün böyük işlər gördüyünü vurğulayan M.Qurbanlı qeyd edib ki, Küveyt xalqı ilə Azərbaycan xalqını birləşdirən ortaq dəyərlər var. Hər iki dövlət İslam dünyasının bir parçasıdır. Komitə sədri bildirib ki, Azərbaycan Küveyt dövlətinin və xalqının dəstəyini daim hiss edib. İstər beynəlxalq təşkilatlarda, istərsə də qaçqın və köçkün vətəndaşlarımıza Küveyt Vəqfinin göstərdiyi yardımlar xalqımız və dövlətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.

Adil Abdulla Əl-Fəlah qeyd edib ki, artıq iyirmi ildir Azərbaycanla tanışdır və buranı özünün ikinci vətəni hesab edir. Dost ölkə olaraq Küveytin hər zaman Azərbaycanın mənafeyini müdafiə etdiyini vurğulayan qonaq ölkəmizlə bağlı gördüyü işlərdən də danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı kitablar nəşr etdiklərini bildirən Adil Abdulla Əl-Fəlah 26 fevral tarixində Küveytin bütün məscidlərində Xocalı soyqırımı haqda danışıldığını və faciə qurbanlarının ruhuna dualar oxunduğunu deyib.

M.Qurbanlı bildirib ki, Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin ərəb ölkələri ilə münasibətində özünəməxsusluq var və bu günlərdə həyata keçirilən Ümrə ziyarəti buna əyani sübutdur. O, komitənin Küveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayaraq, gələcəkdə bir sıra layihələr həyata keçirməyin mümkün olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Adil Abdulla Əl-Fəlah M.Qurbanlını Küveytə rəsmi səfərə dəvət edib.

BƏXTİYAR


Müəllif: