Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, tanınmış bəstəkar bu gün dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da dünyasını dəyişib.
Dünən tanınmış bəstəkarın 81 yaşı tamam olub.
Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.
Qeyd edək ki, R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.
O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.