21 Aprel 2015 14:12
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA M. Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çoxarvadlılığın faydalarından danışıb. O, fikrini Quran ayəsi və rəvayətlərlə möhkəmləndirməyə çalışıb. Təqribən 15 cümlədən ibarət kiçik bir məqalədə elə o qədər də yanlışlığa rast gəlmək mümkündür.

Ə.Həsənov deyir ki, İslam peyğəmbəri 11-12, İmam Həsən isə 60 arvada sahib olub. Sonrakı xəlifələrin isə hərəmxanaları olduğunu deyərək çoxarvadlılığın faydalarını sadalayır: “Məhəmməd peyğəmbərin 11 və ya 12 zövcəsi (həyat yoldaşı) olması haqqında etibarlı və səhih hədislər var. Onun evlənməsi üçün Ona ilham verən, hansı qadınla evlənməsini tövsiyə edən də uca Allah idi. Müxtəlif rəvayətlərə görə, İmam Həsən 60-a yaxın qadınla evlənib. Sonrakı tarixi dövrlərdə elə islam xəlifəsi olub ki, onun hərəmxanası olmuş, saysız hesabsız qadınlara sahib olan insanlar olub. Bütün bunlar əlbəttə İslamda çoxarvadlılığın mövcud olmasını göstərən tarixi faktlardır”

“Gənc Ailələrə Dəstək” İB-nin sədri, İlahiyyatçı-jurnalist Cavid Cabbarlı hesab edir ki, Ə.Həsənovun fikirləri ilahi şəxsləri (peyğəmbər və imamı) əyyaş əməvi və abbası xəlifələri ilə müqayisə edərək onları gözdən salmaqla yanaşı dinə də təhqir hesab olunur: "Yaxşı olardı ki, yazısında bəhs etdiyi etibarlı hədisdən bir neçəsini göstərəydi. Həsənov cənabları peyğəmbərin çoxarvadlılıq məsələsində Allahın əlinin olduğunu da deyir. Qeyd edim ki, İmam Həsən ömrünün 47-ci ilində Müaviyyə tərəfindən qadın vasitəsiylə zəhərlənib və şəhid olub. Bu rəqəmdən 15 il (həddi buluğa çatmaq dövrü) çıxanda 32 qalır. 60 arvadı 32-ə böləndə təqribən ilə 2 arvad düşür. Belə çıxır ki, İmam Həsən hər 6 ayda bir arvad alıb. O zaman hörmətli ilahiyyat üzrə fəlsəfə doktorundan soruşuram: İlahi höccət və məsum imam vəzifəsi ilə görəvlənən bir şəxs görəvini icra etmək üçün arvad bolluğundan necə vaxt tapırdı? İmam Həsən atası İmam Əlinin xəlifə olduğu dövrdə ən azı 3 böyük savaşda iştirak edib. Sonra atası şəhid edilib və “məsum imam” vəzifəsi ilə görəvlənərək İslam dininin mənəvi və şərii rəhbəri olmaqla yanaşı, ictimai-siyasi işlərdə bir başa məsul şəxsə çevrilib. Bu da Onun məsum İmam olmaqla yanaşı dövrünün ictimai-siyasi şəxsi olduğu anlamı diqtə edir".

İslamda çoxarvadlılıq məsələsinə gəldikdə isə C.Cabbarlı bildirir ki, Quran eyni zamanda bir kişiyə 4 daimi əqdin oxunmasına icazə verir. Quranın bu ayəsini izah etmək üçün Məsum bir şəxsin guya 60 arvad aldığını demək ən azı savadsızlıq, insafsızlıq və düşmən dəyirmanına su tökməkdir: "Ayənin tətbiqi xüsusi şərait tələb edir. Həsənovun açıqlaması isə qadını çıxılmaz duruma salıb kişinin əməlləri ilə razılmağa məhkum edir. Və dediklərini İslam göstərişi kimi təqdim edir. İslamda isə ailə modeli var. İslam ailə modelinin birinci şərti və dayağı sevgidir, qarşılıqlı məhəbbətdir. Bunu bilmək üçün Həzrət Əli ilə Həzrət Fatimənin ailə həyatına baxmaq yetərlidir. Ə.Həsənov yazısında bir şeyi tam unudub. Islamda çoxarvadlılıqdan danışır və dediklərinə dəlil kimi sonrakı xəlifələri misal gətirir. Amma İslam şəriəti 4 mənbədən formalaşır. (Quran, hədis, ağıl və icma). Qəsbkar xəlifənin hərəmxanaya sahiblənməsi islamda çoxarvadlılığı təqdir edən əməl kimi göstərilə bilməz. Ümid edirəm ki, ilahiyyat üzrə fəlsəfə doktoru Ə.Həsənov haqqında bəhs etdiyi mövzunu yenidən gözdən keçirəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər