22 Aprel 2015 12:33
16 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssis: "Göbələk gərək bişirilən kimi yeyilsin, tez reaksiyaya girir deyə..."

Marketlərdə, bazarlarda, magistral yolların qırağında satılan göbələklərə tez-tez rast gəlirik. Hazırda göbələk mövsümüdür, onu alıb yeyənlər də az deyil.

Göbələyin necə yetişdirilməsi və saxlanma şəraiti ilə bağlı Botanika İnstitutunun elmi işçiləri Fuad Əzizov və Bahar Ələkbərova ilə söhbətləşdik.

"Azərbaycanda yetişdirilən göbələklər zəhərlənmə vermir"

Fuad Əzizovun sözlərinə görə, göbələk çox həssas bitkidir. Bu səbəbdən onun yetişdirilməsi və saxlama müddətinə diqqət edilməlidir: "Göbələk əsasən, buğda samanının içində yetişir. Qapalı yerdə rəflər düzəldilir, onun üzərinə saman səpilir və içinə göbələk toxumu əlavə olunur. İki aya yaxın müddətdə göbələk yetişir. Çöl şəraitində, açıq havada göbələk yetişdirilə bilməz. Hava quru olduğu üçün göbələk də quruyar. İstixanalarda da göbələk yetişdirilir, amma onlar bir və ya iki ay aydan artıq qalmır".

Göbələk zəhərlənmələrindən danışan Fuad Əzizov deyir ki, belə bir təhlükə yabanı, meşə göbələklərini yeyəndə ola bilər: "Bizdə elə zavod yoxdur ki, orada ağır metallar çürüyüb torpağa qarışsın, göbələk yetişəndə tərkibinə zəhərli maddələr dolsun. Ona görə yetişdirilən göbələklər zəhərlənmə vermir. Yəni belə təhlükə istisnadır.

Zəhərlənmə halına kimsə meşəyə, çöllüyə gedib özbaşına göbələk yığanda rast gəlinir. Naşılıq ucbatından göbələyə təsadüfən zəhərlisi də qarışır, seçə bilmirsən. Göbələk gərək bişirilən kimi yeyilsin. Tez reaksiyaya girir deyə bu ərzaqdan hazırlanan yemək bişirildikdən bir neçə saat sonra bayatlaşır. Bu da öz növbəsində zəhərlənməyə səbəb olur".

Yarım kilosu 10 manata

Bahar Ələkbərova deyir ki, Azərbaycanda daha çox şimal bölgəsində meşələrdən göbələk yığılır: "Ölkəmizdə quzuqarnı göbələyi deyilən göbələk növü var ki, Xaçmaz, Şabran meşələrində yetişir.

Doğrusu, mən özüm də boş vaxt tapan kimi gedib göbələk yığıram. Bir həftə bundan əvvələcən meşədən quzuqarnı göbələyi növü yığmışam. Həmin göbələk mart ayının ikinci on günlüyündən başlayaraq aprelin 15-nə kimi toplanır.

Quzuqarnı göbələyı sıx meşənin tam ortalarında yetişir, o, həmin mühitə uyğun rəngdə olur. Bu göbələk ağacların çürüntülü yarpaqlarının dibindən böyüyür. Soyuq iqlimli yerdə kök salır, 15 gün ərzində yetişir. Onun yığılması çətin olduğu üçün kənd sakinləri yolların kənarlarında yarım kilosunu 10 manata satırlar".

"Soğanın rəngi dəyişirsə, deməli, zəhərlidir"

Bahar Ələkbərova deyir ki, göbələk haqqında bilgisi çox olduğu üçün meşəyə gedəndə onların növlərini tanıyır: "Qarşıma tanımadığım göbələk növü çıxanda yanından keçib gedirəm. Göbələyin zəhərli olub-olmamasını müəyyən etmək üçün sadə üsul da var. Yığılmış göbələyi qaynadanda içinə bir baş soğan atırlar. Əgər soğanın rəngi dəyişirsə, deməli, göbələk zəhərlidir, yemək olmaz".

Daha sonra Fuad Əzizov laboratoriya şəraitində yetişdirilən asılqan göbələk növü barədə də məlumat verdi.

Fuad Əzizovun sözlərinə görə, bu göbələk növü başqalarından fərqli şəraitdə yetişdirilir: "Onun yetişməsi üçün öncə saman isti suda isladılır, su soyuduqdan sonra saman süzülür və paketlərə doldurulur. Daha sonra paketin işinə göbələk toxumları səpilir. İyirmi beşinci gün yoxlanılır və göbələyin samanın arasından çıxmasına kömək göstərilir.

Göbələyin yığımı bitdikdən sonra həmin saman yandırılır və torpağa qarışdırılır. Beəcə, gilli torpaq yumşalır.

Göbələyin faydaları çoxdur. O, immun sistemini qüvvətləndirərək orqanizmin xəstəliklərə müqavimətini artırır, yorğunluğu aradan qaldırır. Bol miqdarda dəmir mineralına malik göbələk insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur.

Göbələyin zülal dəyəri yüksək olsa da, yağ nisbəti aşağıdır. Ona görə də pəhriz zamanı daha çox istifadə olunur. Lakin zəhərli və yeməli göbələyi mütləq ayırmaq lazımdır. Buna görə də göbələyin mütəxəssislər tərəfindən toplanması məsləhətdir".

"Meşə əti"

Bahar Ələkbərova deyir ki, göbələyi duzlayıb qışa saxlamaq da mümkündür: "Quzuqarnı deyilən göbələyi "meşə əti" də adlandırmaq olar. Göbələk insan orqanizminə xeyirli olan zülallar, müxtəlif turşu və vitaminlərlə zəngin olduğu üçün bu bitkinin müəyyən növündən əvvəllər xalq təbabətində geniş istifadə edilib.

Meşədən yığılan göbələk əvvəlcə təmizlənir, qışa saxlamaq üçün duza və sirkəyə qoyur. Duza və sirkəyə qoyulanda göbələyin acısını çıxarmaq üçün onları 2-3 gün, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə suda saxlayırlar. Növündən asılı olaraq duzlanmış göbələk 30-60 gündən sonra yeyilir. Belə göbələyin alıcıları da çox olur".

Fuad Əzizov təbiətdə həyat sürən göbələklərin olduğunu da qeyd etdi: "Bu növ göbələklər, adətən, ağacların dibində, yaxınında bitir və onunla şərikli həyat keçirir. Məsələn, küknar ağacının yanında sarı göbələk, çinar ağacının yanında çinar göbələyi, palıd ağacının yanında palıd göbələyi tapmaq olar. Bu göbələklər əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazımi üzvi maddəni kök vasitəsilə ötürür".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər