23 Aprel 2015 10:57
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçilər və peşəkar diktorlar televiziya proqramlarını analiz edəcək

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Televiziya proqramlarında Azərbaycan ədəbi dili: araşdırmalar, təhlil, rəy və təkliflərin hazırlanması" layihəsinə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbiri "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin rəhbəri Təhmasib Novruzov açaraq bildirdi ki, layihə televiziyalarda ədəbi dilin normalarını qorumaq və formalaşdırmaq məqsədi daşıyır. Layihənin icrası zamanı AMEA Dilçilik İnstitutunun, BDU-nun jurnalistika kafedrasının, ali məktəblərin dilçilik kafedralarının mütəxəssisləri və peşəkarlıqları ilə tanınan təcrübəli teleaparıcılarla birgə analizlər aparılacaq, yekunda onların rəy və təklifləri nəzərə alınacaq.

Ən yaxşı aparıcı priz alacaq, ən pis aparıcı qara siyahıya salınacaq

Ekspertlərin adının gizli saxlanacağını bildirən birlik rəhbəri dedi ki, Azərbaycan teleməkanında fəaliyyət göstərən 9 televiziya kanalında araşdırmaların nəticəsi olaraq münsiflər heyəti 6 ən yaxşı aparıcı və 6 ən pis aparıcı seçəcək, ən yaxşılar prizlərlə mükafatlandırılacaq, ən pislər isə "qara siyahıya" salınıb, ictimai qınağa məruz qalacaq: "Dəvət olunan telekanallardan heç birinin nümayəndəsi təəssüf ki, tədbirə gəlməyib. Bu da onu deməyə əsas verir ki, telekanallar dövlət dilimiz efirlərdə peşəkar istifadəsində maraqlı deyillər. Amma bu layihə ölkə Prezidentinin təsdiq etdiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrasından irəli gəlir. Bu məsələyə hörmətsiz yanaşmaq olmaz.

Efir vaxtını dəqiq qeyd etməklə hansı dil qüsurlarına, xətalarına yol verilib, yaxud hansı nümunəvi çıxışlar olub, bütün bunları protokollaşdırmaqla tam obyektiv nəticələr ictimaiyyətə açıqlanacaq. Bu nəticələr efirlərə çıxarılmasa, biz internet üzərindən "youtube" vasitəsilə bunları yayacağıq ki, telekanalı təmsil edən simalar dil qüsurlarını aradan qaldırsınlar".

Tədbirdə Azərbaycanın tanınmış diktorları Natəvan Hacıyeva, Ofeliya Sənani, Eldost Bayramov, dilçi alimlər, yazıçılar, şairlər, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbləri, bədii qiraət üzrə müsabiqələrin iştirakçıları, Mətbuat Şurasının və bir çox QHT-lərin nümayəndələri iştirak edirdi.

"Bilmirəm hara zəng vurum..."

Azərbaycan efirinin ilk aparıcısı olan Natəvan Hacıyeva aparıcılarda efir, nitq mədəniyyətinin formalaşmasından, çıxış zamanı sözlərdə vurğunu düzgün işlətmənin vacibliyindən danışdı.


1960-cı il avqustun 16-da müsabiqə yolu ilə diktorluğa qəbul olunduğunu xatırladan Natəvan Hacıyeva rus təhsilli olsa da, bu gün də Azərbaycan dilini təkmilləşdirdiyini vurğuladı: "Atam hüquqşünas idi. Təhsilə həvəsləndirmək üçün bizə hərdən pul verirdi. Amma evdə kim rus sözü işlədirdi, onun pulunu kəsirdi. Mənim fikrimcə, dilimizə hörmət, sevgi ailədən başlayır.

Diktor işlədiyim vaxtlarda işimin məsuliyyətindən sevinmişəm, ağlamışam, həyəcanlanmışam, amma o illər ömrümün ən gözəl, ən mənalı illəri olub, çünki mən bu işi sevmişəm.

Amma indi boş vaxtlarımda verilişlərə baxanda çox məyus oluram. Bilmirəm, hara zəng edib, iradlarımı bildirim, çünki telekanalların telefonları məşğul olur. Ona görə Dilçilik İnstitutunun nəzdində "Qaynar xətt"in yaradılması xəbəri mənim üçün sevindirici oldu".

"Ənənə itib"

Dilçi alim Qulu Məhərrəmli dedi ki, ədəbi dilin işlənmə sahəsi ildən-ilə artır və bu yaxşı haldır, amma buna rəğmən dilimizə peşəkar yanaşmada problemlər var: "Televiziyalara çıxırlar, amma dil bazaları yoxdur. Reportaj aparırlar, reportaja uyğun predmetə dair ifadələri dəqiqləşdirmirlər. Vaxtilə dilçi alimlər Əziz Əfəndizadə, Ağamusa Axundov diktorlarla mütəmadi təmasda olub, onların dillərinin təkmilləşməsində tövsiyələrini verirdilər. İndi bu ənənə itib.

Dil canlı orqanizmdir və bu orqanizmin yaşaması üçün yenilənməsi vacibdir. Xüsusən, texnologiyada, siyasi sahədə, ictimai münasibətlərdə, sosiologiyada dilimizə yeni sözlər gəlməlidir, amma bu sözlərin dildə vətəndaşlıq hüququ qazanması başqa məsələdir. Əlbəttə, Dilçilik İnstitutundan da böyük gözləntilər var. Ancaq bu institut elmi mərkəzdir, hansısa televiziya, radio, mətbuat, küçə reklamlarında baş verən dil qüsurlarına görə cavabdeh qurumlara hökm etmək imkanı yoxdur. Ona görə hesab edirəm ki, vətəndaş cəmiyyəti bu işdə daha fəal olmalıdır. Millət vəkili Sabir Rüstəmxanlının Dil Qurumu var, Mətbuat Şurasında ayrıca bir komissiya fəaliyyət göstərir, Milli Teleradio Şurası davamlı monitorinqlər keçirir. Bu gün təqdim olunan layihə də təqdir olunmalıdır. Amma yaxşı olardı ki, dillə bağlı ayrı-ayrı cəhdlər birləşdirilsin".

Qulu Məhərrəmli dedi ki, tamaşaçının, dinləyicinin efirlərdən gözləntisi böyük olsa da, əksər aparıcılar, telejurnalistlər bu etimadı doğrultmurlar: "Efirlərdə çox bəsit, məhdud düşüncəli aparıcıları görəndə təəssüflənirik, üstəlik toy toğlusu kimi ortadan çıxmayan savadsız, səviyyəsiz, əxlaqsız şou adamları var ki, günün qəhrəmanı onlar olduqları üçün tamaşaçı dili onlardan öyrənməyə məcburdur. Bu da çox təhlükəli haldır, çünki onlar dilimizi çox aşağı səviyyədə bilir. Dil göstəricidir, biz elə etməliyik ki, bu göstərici yüksək səviyyəli olsun".

Ofeliya Sənani: "Aparıcılar məktəbi açaq"

Diktor Ofeliya Sənani isə təklif etdi ki, aparıcılar məktəbi açılsın: "Dünyada 10-dək dil var ki, min il ərzində 10 faizdən artıq dəyişilməyə məruz qalmayıb. Ahəng qanununa tabe olan, bu cür musiqili, gözəl dilimiz bu onluğa daxildir. Dilimizin saflığı efirlərdən çox asılıdır. Evimizdə 3 televizor var. Səhər oyanan kimi hər üçünü qoşuram, müxtəlif telekanalları açıb, hamısını izləyirəm, dilimizi bərbad hala salırlar, çox təəssüf edirəm, çox əsəb keçirirəm.

Dilimiz hayıfdı, Azərbaycan dilinin qrammatikası niyə yazılıb, niyə bu cür gözəl dili bərbad hala salırlar? Azərbaycan televiziyalarına dilimizi mükəmməl bilənlər rəhbərlik etməlidir. "Sponsor tap, özünə veriliş aç" - belə prinsiplə işləmək olar? Küçədən keçəni efirə gətirmək yolverilməzdir. Aparıcı tamaşaçı qarşısında şpaqat açar? Ona görə mən təklif edirəm ki, nə qədər ömrümüz var, aparıcılar üçün ayrıca məktəb açaq, peşəkarlar hazırlayaq".

Televiziya işçiləri üçün yeni lüğət yazılmalıdır

Dilçi alim Nadir Abdullayev müxtəlif vaxtlarda telekanallarda qeydə aldığı qüsurları sadaladı. Eyni zamanda, bildirdi ki, hazırda televiziya işçiləri üçün təkmil lüğətin olmaması da bu sahədə problem yaradır.

Şairlər Ənvər Əhməd, Yusif Nəğməkar, Əməkdar diktor Eldost Bayramov da efirlərdə baş verən problemlərdən danışdılar, ayrı-ayrı aparıcıların yol verdikləri nöqsanları sadaladılar, dillə bağlı dövlət proqramının icrası üçün təkliflərini səsləndirdilər.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər