Paytaxtın müxtəlif küçələrində divarlara çəkilmiş rəngli rəsmlərlə, yəqin, çoxları rastlaşıb. Bu rəsmlərin necə meydana gəlməsi və divarları kimlərin bəzəməsi ilə maraqlandıq. Məlum oldu ki, bu, komanda şəklində fəaliyyət göstərən bir qrup gəncdir.
Komanda üzvləri olan Azər Məmmədli və Afsar Ələkbərli ilə söhbətləşdik.
Əvvəlcə divar boyamasını ehtiva edən və adına urban-art deyilən incəsənət növü haqda məlumat vermələrini istədik.
Divar bəzəyənlər
Gənclər bildirdilər ki, urban-art özündə müxtəlif subkulturları birləşdirir: "Onun daxilində graffiti, street-art, installyasiyalar yer alır. Street-artla birbaşa əlaqəli olan bu sənət növüylə məşğul gənclər divarları bəzəyir, hətta zibil qutularından, tullantılardan, müxtəlif arxitektura nümunələrindən rəsmlər çəkirlər. Biz də bu işlə məşğuluq. Bir az geniş götürsək, şəhərin daxilində mədəniyyətlə birbaşa əlaqəsi olan nə varsa, urban-artdır. Biz heç bir maddi və mənəvi dəstək görmədən, qarşılıq gözləmədən rəsm çəkirik".
Komandanın üzvü olan Afsar Ələkbərli Sumqayıtda anadan olub. Uşaqlıq illərində rəssamlığa meyil göstərib: "Hələ məktəbdə oxuyanda dərslə məşğul olmaq əvəzinə, dəftərə müxtəlif formalı hərflər və komik personajlar çəkirdim. 10-cu sinifdə oxuyanda bir qrup insan məhləmizdə graffiti çəkirdi. Bu da mənim marağıma səbəb oldu. İnternetdə bu barədə informasiya axtarıb məlumat topladım.
Bir müddət sonra məhləmizdə özüm aerozol boyalarla divarda rəsm çəkməyə başladım. O qədər də pis alınmamışdı... Üç işimi facebook sosial şəbəkəsində urban-art səhifəsində paylaşdım və beləliklə, bu qrupla tanış oldum. Daha sonra biz Nəriman Nərimanov metrosu həndəvərində, dəmir yol xəttinin yaxınlığındakı divara rəsm çəkməyə başladıq".
"Burda xüsusi istedad tələb olunmur"
Həmsöhbətim deyir ki, digər sənət və məşğuliyyət növləri kimi urban-art özü də onu reallaşdıran şəxsdən asılı olaraq dəyişir: "Bəzən kənardan urban-artçıları başa düşməyib vandal adlandıranlar da olur. Bu, düzgün yanaşma deyil. Biz öz incəsənətimizi yaratmaq, insanlara öz ideyalarımızı ötürmək, street-artın intellektual tərəfini təqdim etmək istəyirik. Bir işi ərsəyə gətirməkçün hər birimiz iki-üç saat işləyirik, sonda meydana gələn rəsm bahalı muzeylərdə sərgilənənlərdən heç də geri qalmır".
Komandanın digər üzvü Azər Məmmədli Bakı Dövlət Universitetində Qafqazşünaslıq ixtisası üzrə təhsil alır: "Rəssamlıqla uşaqlıqdan məşğul oluram. Facebook-da bir oğlanla tanış oldum. O, mənə bəzi şeyləri öyrətdi, bundan sonra graffti ilə daha yaxından maraqlanmağa başladım. Əvvəllər bu işə hobbi kimi baxırdım, onunla yalnız boş vaxt tapanda məşğul olurdum. Sonralar bu iş mənim həyat tərzimə çevrildi. Əslində, mən başqa şəkillər də çəkirəm, amma graffitiyə çox öyrəşmişəm".
Həmsöhbətim deyir ki, ixtisasının bu sənət növü ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur: "Grafitti istedad tələb etmir. O, sərhəd tanımır. Yeganə lazım olan şey öz sərhədlərini məhdudlaşdırmayıb, çərçivələri aşmaqdır. Öz üzərində işləyib çoxsaylı sketçlər hazırlamaq lazımdır. Əvvəl-axır nəsə alınacaq. İstedada ehtiyac yoxdur, əsas qorxulardan qurtulmaq lazımdır. Bu iş rəssamlıq qabiliyyəti ilə bağlı deyil, bu, daxilini divarlara köçürməkdir. Urban-art elə bir incəsənət növüdür ki, sənin özünü əks etdirmək istəyin, arzun kifayətdir.
Bizə facebook-da mesaj yazır, yaxud gecələr divarlara rəsm çəkəndə yaxınlaşıb bunu niyə etdiyimizi soruşurlar. Bizsə onlarla çox mehriban davranır, öz ideyalarımızı izah etməyə çalışırıq. Bəziləri heç nə anlamadan başını yelləyib keçir, bəziləri çoxsaylı suallar verib yanımızda durur və necə işlədiyimizə baxır, hətta şəkil çəkdirir. Lakin aqressiv insanlara da rast gəlirik ki, o dəqiqə bizi qovmağa, işimizə mane olmağa çalışırlar".
Gecə və küçə sənəti
Afsar Ələkbərli deyir ki, hər sənətdə olduğu kimi, graffiti sənətində də müxtəlif çətinliklərə rast gəlinir: "Bu, küçə sənətinin bir qolu sayılır. "Street" (ingilizcə küçə deməkdi) sözü bizim üçün hər şey deməkdir. Bu, həyat tərzidir. Elə insanlar var ki, onlar üçün küçə sözü avaralıqdan başqa heç nəyi ifadə etmir.
Amma bizim üçün artıq neçə ildir ki, küçə sözü böyük məna kəsb edir. Biz onunla yatır, onunla oyanır, onunla yaşayırıq. Bütün əhatəmiz "street"dir.
Küçə sənəti olduğu üçün çəkilən hər hansı rəsm və yaxud yazılan yazı şəxsi mülkiyyətə zərər vurulması adıyla qanunla cəzalandırıla bilər. Bu aspektə görə graffiti dünyada daha çox qanunsuz formada inkişaf edir.
Biz graffitidə sprey boyalarından istifadə edirik. Amerika və Avropa ölkələrində bu sənət üçün xüsusi keyfiyyətli boyalar hazırlanır. Ölkəmizdə isə elə xüsusi boyaların yoxluğu onsuz da az tanınan graffiti sənətinin inkişafına mane olur".
Afsar deyir ki, işə əsasən gecə saatlarında başlayırlar: "İnsanlar gecə yatanda biz şəhəri bəzəyirik. Elə uşaqlar var, yaşları azdı və ya evdən onları gecə buraxmırlar. Yaş artdıqca sən artıq evdəkilərin razılığını almağın yollarını axtarırsan. Mən özüm valideynlərimə bu sənətə maraq göstərdiyimi yavaş-yavaş söyləmişəm, onları yola gətirməyə çalışmışam. Bizim komandanın məqsədi bu sənəti inkişaf etdirməkdir".
İlhamə Əbülfət