Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi aprel ayının 20-si tarixinə tam yekunlaşıb.
Ümumilikdə cari ilin 3 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 3 ayı ərzində Fondun gəlirləri 751,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 410 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 faiz və ya 29 milyon manat çoxdur. Cari ilin 3 ayı ərzində Fondun xərcləri 725,7 milyon manat olub və bunun 713,7 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
İlkin məlumatlara əsasən hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 203 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Naibə QURBANOVA