Kəlbəcər rayonundan məcburi köçkün Elxan Salahov ABŞ, Rusiya və Fransanın dövlət başçılarına müraciət ünvanlayıb. Doğma yurd-yuvasının işğalı nəticəsində 22 ildir məcburi köçkün həyatı yaşayan Elxan Salahov qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində belə bir müraciət etməklə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarını Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı Ermənistana ciddi təsir etməyə çağırıb.
Teleqraf.com-un məlumatına görə, müəllif müraciətində ata-baba torpağına – Kəlbəcərə ziyarətə getmək istədiyini, lakin öz torpağında erməni silahlı qüvvələrinin hücumuna məruz qalacağı təhlükəsini nəzərə alaraq təhlükəsizliyinə zəmanət verilməsini xahiş edir.
Müraciətdə həmçinin ötən ilin yayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına yardımçı olmaları istənilir.
Xatırladaq ki, müraciət ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinə göndərilib.