23 Aprel 2015 18:34
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində ölkə bələdiyyələrinin 2014-cü ildəki fəaliyyətini Dövlət Statistika Komitəsinin məlumatları əsasında təhlil edib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, 1715 bələdiyyənin 2014-cü ildəki büdcə gəlirləri 49.065.700 manat olub. Bu əvvəlki illə müqayisədə 3,9 faiz artıq deməkdir. Başqa sözlə, 2013-cü ildə hər bir bələdiyyənin orta rəqəmlə ay ərizndəki gəliri 2292 olduğu halda, bu rəqəm ötən ildə 2384 manata bərabər olub.

Əlavə olaraq qeyd edək ki, ölkə bələdiyyələrinin ən yüksək büdcə gəliri 2007-ci ildə olub. Həmin il Azərbaycan bələdiyyələri 50 milyon manatdan bir qədər artıq vəsait toplaya biliblər. Bələdiyyələrə bu rəqəmi yeniləmək hələ ki, mümkün olmayıb.

Beləliklə, son bir il ərzində hər bələdiyyənin büdcə gəliri orta hesabla 92 manat artıb. Bu gəlirlərin 50,9 faizi bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəyə verilməsindən, 14,0 faizi torpaq vergisindən, 9,2 faizi əmlak vergisindən, 1,3 faizi mədən vergisindən, 1,0 faizi sanatoriya-kurort rüsumundan, 9,4 faizi isə fiziki şəxslərin maliyyə yardımından daxil olub. Xatırladaq ki, dövlət tərəfindən ayrılan dotasiya və subvensiyaların həcmi ümumi büdcə gəlirinin 10,6 faizini təşkil edib.

2013-cü illə müqayisədə yerli büdcənin artımı yalnız fiziki şəxslərin maliyyə yardımlarının həcmində hiss edilib. Yəni, bu istiqamətdə yerli büdcə daxilolmalar dörd dəfəyədək artıb. 2013-cü ildə maliyyə yardımlarının həcmi ölkə üzrə bir milyon manat olduğu halda bu rəqəm ötən il 4,7 milyon manata yaxın olub.

Büdcə xərclərinə gəlincə, qeyd edilməlidir ki, əldə olunan vəsaitlərin 41,3 faiz yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 38,6 faizi mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilib. Qalan 20,0 faiz yaxın hissə isə təhsil, səhiyyə, sosial müdafiə və nəqliyyat xərclərinə ayrılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər