Bir neçə gün əvvəl sosial şəbəkələrdə paytaxtda keçirilmiş bir toy mərasiminin fotoları yayıldı. Bəy əlil arabasında, gəlin ağ libasda... Çoxsaylı insanların marağına səbəb olan cütlüklə daha ətraflı tanış olmaq üçün təzə ailənin evinə yollandıq.
Qapıdan içəri girəndə qətiyyən təəccüb doğurmayan mənzərə ilə qarşılaşdıq: onlar yenə də ən xoşbəxt anlarını əks etdirən şəkillərdə olduğu kimi şən və xoşbəxt görünürdülər.
Təsadüfən tanış olsalar da...
Zaur Seyidzadə 1981-ci ildə Bakıda doğulub. Uşaq yaşında başından əməliyyat olunub: “İki yaşımda başımın arxa hissəsindən çiban çıxıbmış. Cərrahiyyə əməliyyatı zamanı həkimin səhvi ucbatından əsəb sistemim zədələnib. Məni əməliyyat edən həkim erməniymiş. Əməliyyatdan sonra ayaqlarım işləmədi. Buna baxmayaraq oxumaqdan əl çəkmədim.
Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirdim. Əvvəl anam, daha sona atam rəhmətə getdi. Bacımla birlikdə yaşayırdıq. O, ailə həyatı qurdu. Mən də bir müddət tək yaşadım. Fiziki baxımdan əngəlli olsam da heç vaxt özümü tənha və aciz hiss etməmişəm”.
Müsahibim deyir ki, yeni il bayramında istirahət üçün Lənkərana gedir və gələcək həyat yoldaşı ilə də orada tanış olur: “Qohumlarım neçə müddət idi mənə evlənməyi təklif edirdilər. Bundan əvvəl bir neçə qız göstərmişdilər, amma alınmamışdı. Yeni ildə istirahət günləri çox olduğu üçün anamın vətəninə –Lənkərana gedib dayım və qohumlarla görüşmək istədim. Quhumgildə həyat yoldaşım olacaq Vüsaləylə təsadüfən bir-birimizi gördük.
Daha doğrusu, biz təsadüf desək də, əslində qohumlarımız bu işin baş tutmasını istəyirdilər. Söhbət etdik, bir-birimizi bəyəndik. Bacımla məsləhətləşdim. O da dedi, əgər qız sənin xoşun gəlir, bu evliliyə o da razıdırsa, mən də bu işə razı olaram.
Mənim xasiyyətimdə belə bir cəhət var – hami desə ki, eləmə, filan iş olmaz, mən alınmasa da ona cəhd edirəm. Vüsaləyə də söhbət əsnasında mənimlə ailə qurmağı təklif etdim. O da düşünəcəyini dedi və mən Bakıya qayıtdım”.
“Anamın toya gələcəyini gözləmirdim”
Vüsalə Vəliyeva Lənkəran rayonun Kərgəlan kəndində anadan olub. Dediyinə görə, bu izdivaca qərar verənədək xeyli düşünüb: “Zauru görəndə ondan xoşum gəlsə də, evlilik üçün bir az tərəddüd elədim. Atam rəhmətə gedib, anam da bu evliliyə razı deyildi. Şəkər xəstəsi olan qardaşım mənim işimə qarışmaq istəmədi.
Qorxdum ki, özbaşıma qərar verib ailə quraram, sonra peşman olaram, daha dadıma çatan tapılmaz. Sonra Zaurla telefonda danışmağa başladıq, tərbiyəsi, dünyagörüşü ilə tanış oldum, bacısını gördüm. Xalam və onun ərinin razılığı ilə bu Zaura “hə” demək qərarı verdim. Zaur qohumları ilə gəldi. Anamdan razılıq ala bilmədilər, mən də ona qoşulub qaçdım.
Toya bir həftə qalmış rayona dəvətnamə yolladıq. Düzü, ailəmin toya gələcəyini gözləmirdim. Amma zala daxil olanda anamı, qardaşımı stolda əyləşən görəndə sevindiyimdən gözüm yaşardı”.
Həmsöhbətim deyir ki, çoxları Zaurun qüsurlu olduğu üçün ona ərə getməsini təəccüblə qarşılayıblar: “Qardaşım şəkər xəstəsiydi, həkimlər bir ayağının mütləq kəsilməli olduğunu dedilər. Evlənənə kimi ayaqsız qardaşıma mən baxmışam deyə, oxşar vəziyyətdə olan bir kişiylə ailə qurmaq mənə çətin gəlmədi. Əgər birinin alnına bədbəxtlik yazılıbsa, bunun qüsurlu olmaqla heç bir əlaqəsi yoxdur”.
Dostlarına yalandan nişanlı olduğunu deyib
Zaur Seyidzadə deyir ki, xəstəliyi ilə bağlı çox həkimə müraciət edib, amma heç bir nəticə alınmayıb: “Fiziki məhdudiyyətim olsa da, arzularıma, istəklərimə, hədəflərimə məhdudiyyət qoymuram. Adamlar var, həkimlərə pul tökürlər ki, uşaqları sağalsın, amma mən o fikirlə razılaşmıram. Biz özümüzü mühitə yox, mühiti özümüzə tabe etməliyik. Mən sağlam insanların elədiyindən artığını etmişəm.
Mənə məsləhət görəndə ki, filan yerə getmə, bunu etmə-ondan çəkin, qulaq asıram, amma öz bildiyimi edirəm. İstədiyim səfərə çıxıram, rayona da gedirəm, xaricə də. Fiziki qüsur mənim üçün əngəl deyil”.
Zaur onun evliliyinin ictimaiyyət arasında belə qarşılanmasını gözləmirmiş: “Əslində, dostlarıma deyirdim ki, nişanlıyam, toyum apreldə olacaq. Halbuki yalan deyirdim. Nişanlı yox, sevgili idik. Çünki Vüsalə evlilik üçün hələ qərar verməmişdi. Toyundan sonra mərasimdə çəkilən bir neçə şəkli şəxsi profilimdə paylaşdım. Hətta medianın da bu məsələyə maraq göstərməsi məni təəccübləndirdi. Açığı, indi saytlar pozitiv hadisələrdən çox neqativ xəbərlərə, olaylara üstünlük verirlər”.
Mərasimə ombudsman da qatılıb
Zaur Seyidzadənin sözlərinə görə, toy mərasimi aprelin 20-də Bakıdakı şadlıq saraylarından birində baş tutub: “Nişanla toy eyni gündə oldu. Həyat yoldaşım işləməyəcək. Bakının Yasamal rayonunda yaşayırıq. Mənim öz evim var. Ailə həyatıma al-əlvanlıq bəxş edib. Bəziləri deyir ki, subaylıq sultanlıqdır. Amma hər şey qədərində olmalıdır. Müəyyən yaşdan sonra ailə qurmaq vacibdir”.
Zaur Seyidzadə “Valideyn Himayəsindən Məhrum Uşaq və Gənclərə Yardım” İctimai Birliyinin sədridir. Toyda Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova, QHT rəhbərləri iştirak ediblər.
İLHAMƏ