24 Aprel 2015 17:48
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti 22-23 aprel 2015-ci il tarixlərində Niderland və Belçikada rəsmi səfərdə olub.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüş olub.

Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilib, 6 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Hagesteyn şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi, sonra Lelistad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi olan Niderland Su İdarəedilməsi Mərkəzi ilə tanış olub.

Nazir K.Heydərovun rəhbərlik etdiyi FHN nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzil-qərargahına rəsmi səfər edib.

NATO-ya səfəri çərçivəsində fövqəladə hallar naziri K.Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın baş katibinin əməliyyatlar üzrə müavini Stefen Evans və baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.

Görüşlərdə qarşı tərəf Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirib, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, xüsusilə, NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirib. K.Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd edib, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırıb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər