British Council-ın Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru və ingilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüş keçirib.
BANM-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov, onları Ali Məktəbdə təkrar görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və British Council arasında olan əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində danışıb.
Öz növbəsində cənab Maykl Börd British Council və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib . O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA