Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın "Yəhudi İnstitutlarının Təmsilçilik Şurası"nın prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, M.Qurbanlı bildirib ki, Azərbaycanla Fransa arasında münasibətlər yüksək səviyyədə qurulub: “Fransa Prezidenti Olandın ölkəmizə səfəri, Fransa Unuversitetinin açılması haqqında əldə edilmiş razılıq bunun bariz nümunəsidir. Eyni zamanda, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində də əlaqələr geniş inkişaf edib. Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə bilər”.
Komitə sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkəmizin siyasi və ictimai həyatında özünü göstərir. Azərbaycan əhalisinin 96 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkəmizdə yəhudi sinaqoqları, ortadoks pravoslav, katolik və lüteran kilsələri açıq fəaliyyət göstərir. M.Qurbanlı onu da bildirib ki, beynəlxalq yəhudi təşkilatları hər zaman Azərbaycanın haqq işinə dəstək veriblər. ABŞ-ın yəhudi qurumları bu baxımdan xüsusi fəallıq göstərirlər. Biz ədalətli mövqe tutan, Azərbaycana dəstək olan hər bir quruma, o cümlədən yəhudi təşkilatlarına öz minnətdarlığımızı bildiririk. Komitə sədri qeyd edib ki, biz dünyəvi dövlətik və hər cür dini ekstremizmə və radikallığa qarşı mübarizədə bizim də qurumun öz xidmətləri var.
R.Çukerman vurğulayıb ki, müsəlman ölkəsi olaraq elə bir dünyəvilik modeli göstərirsiniz ki, siz digər ölkələr, o cümlədən Fransa üçün nümunə ola bilərsiniz: “Biz çox istərdik ki, siz bu təcrübənizi bütün dünyada təbliğ edəsiniz. Buna dünya ölkələrinin çox böyük ehtiyacı var. Yəhudi icmasının burada yaşayışı və dini ayinlərini sərbəst şəkildə icra etməsi bizi çox sevindirir. İsrail və Azərbaycanı biri-birinə bağlayan bir çox amillər var və ölkənizin İsrail dövləti ilə münasibətləri yüksələn xəttlə inkişaf edir. Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və istəyirik ki, Azərbaycan dünyada daha da çox tanınsın. Azərbaycan başqaları üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır”.
M.Qurbanlı bildirib ki, ölkəmizin tolerantlıq modelinin dünyada təbliğ olunması üçün Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi var. Onun sözlərinə görə, ötən illərdə Fransada da bununla bağlı bir neçə tədbirlər keçirilib. Komitə sədri qeyd edib ki, Fransada erməni lobbisi Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparır və Fransa cəmiyyətində ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışır: “Biz erməni təbliğatına qarşı Azərbaycan həqiqətini qoymuşuq və iqtisadi inkişafımızla bunu göstəririk. Ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. Avroviziya musiqi müsabiqəsi və iyun ayında keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın dünyada daha yaxşı tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir”.
Qonaqlar Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinə və regionda sülhün bərqərar olacağına ümid etdiklərini bildiriblər.
Görüşdə ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov da iştirak edib.
BƏXTİYAR