29 Aprel 2015 13:53
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın 7 aliminə Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlar təqdim edilib.

Tədbirdə bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarına əsasən bu il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib.

Müsabiqə AMEA-nın adlı mükafatları haqqında əsasnamələrə uyğun olaraq təşkil edilib və onun keçirilməsi, eləcə də şərtləri haqqında elan respublikanın kütləvi informasiya vasitələrində, o cümlədən “Azərbaycan” qəzetində, AMEA-nın “Elm” qəzetində və www.science.gov.az internet portalında yerləşdirilib.

Müsabiqədə iştirak edən alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim edilib. Komissiyanın bu il keçirilmiş yekun iclasından sonra isə mükafatlara namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub. Rəyasət Heyətinin son iclasında AMEA-nın adlı mükafatları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb və alimlərin mükafatlar ilə təltif olunması haqqında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən:
− Akademik Cəmil Əziz oğlu Əliyevə qara ciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı fundamental elmi əsərlərinə görə AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı;
− Akademik Telman Abbas oğlu Əliyevə siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi robast analizi texnologiyalarının nəzəri əsaslarının yaradılması sahəsində silsilə elmi əsərlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı;
− Akademik Musa İsmayıl oğlu Rüstəmova sənayedə katalitik kreking prosesinin inkişafına dair fundamental və tətbiqi elmi əsərlərinə görə AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı;
− Akademik Teymur Əmiraslan oğlu Bünyadova Azərbaycan etnoqrafiyasına həsr olunmuş çoxcildlik silsilə elmi tədqiqat əsərlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı;
− AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova Azərbaycanın musiqi tarixinə və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədqiqatlarına görə AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı;
− Akademik Tariyel Hüseynəli oğlu Talıbova bioresursların tədqiqi ilə bağlı fundamental və tətbiqi elmi əsərlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı;
− Geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqova kristallokimya, mineralogiya və geokimya sahəsində silsilə əsərlərinə görə AMEA-nın Akademik Musa Əliyev adına mükafatı təqdim edilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər