29 Aprel 2015 16:36
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun “Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri” mövzusunda elmi məruzəsi dinlənilib.

Akademik qeyd edib ki, bu gün Azərbaycanda kosmik texnologiyalar, kosmik texniki baza, infrastruktur yüksək səviyyədədir: “Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. BMT-nin 12 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianspace şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb. Vurğulanıb ki, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur. Bu günə kimi Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarılıb. İlk telekommunikasiya peykinin 20%-i Azərbaycanın ehtiyaclarının ödənməsinə, 80% isə ixrac potensialının güclənməsinə yönəlib. İkinci peyk də Azərbaycanın ixrac potensialı üçün yeni imkanlar yaradır”.

Əli Abbasov qeyd edib ki, innovativ inkişafımız üçün uyğun şərait yaradılmalıdır. Onun sözlərinə görə, tətbiqə yönələn işlərin həyata keçirilməsi təklif olunur: “İnnovativ sahibkarlığın yaranması üçün işlər həyata keçirilməlidir. Alimlərin əldə etdikləri tədqiqatlarla bağlı birgə müzakirələr aparılmalıdır. Elm və təhsil arasında olan əlaqələr qurulması ümumi inkişaf üçün vacibdir”.

Nazir bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: “Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkəmizdə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər