29 Aprel 2015 17:14
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 yaşı Sevinc Babayeva sığınacaqda yaşayır. Ailəsi onu zorla sevmədiyi birinə nişanlayıb: “Ailəm məni sevmədiyim birinə ərə vermək istədikdə öz sevdiyim oğlana qoşulub qaçdım. Oğlanın ailəsi də bu evliliyə razı deyildi, amma biz evləndik və kirayədə yaşamağa başladıq. Bir müddət hər şey yaxşı idi. Sonra həyat yoldaşım içki içməyə və məni hər gün döyməyə başladı. Hamiləliyimin dörd aylığında məni atıb getdi.

Kirayə pulunu verə bilmədiyim üçün anamın yanına qayıtmaq istədim, ancaq məni qəbul etmədi. Dedi, necə ona qaçıb getmisənsə, elə də qayıt, ərinlə dil tapıb yaşa. Ərim kirayə qaldığımız evə gəlmədiyi üçün uşaq dünyaya gələnə kimi qonşuda fiziki məhdudiyyəti olan insana qulluq edirdim. Onlar da mənə köməklərini əsirgəmirdilər.

Dünyaya övlad gətirəndən sonra isə sığınacaqda yaşayıram. Atası uşağa sahib çıxmır, aliment pulu vermir. Hazırda övladımla bərabər zorakiliq qurbanlari üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzində məskunlaşmışam”.

Kədərli statistika

Statistik məlumatlara görə, son 5 ildə Azərbaycanda qadınlara qarşı 30277 cinayət hadisəsi (2009-cu ildə 6933, 2010-cu ildə 6507, 2011-ci ildə 6705, 2012-ci ildə 5478, 2013-cü ildə isə 4654), o cümlədən zorakılıqla bağlı 18486 cinayət (2009-cu ildə 4696, 2010-cu ildə 4489, 2011-ci ildə 4280, 2012-ci ildə 3218, 2013-cü ildə 1803) qeydə alınıb.

2014-cü ildə Azərbaycanda qeydə alınmış 721 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.

Aşkar olunmuş hüquq pozucuların 77,2 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 6,2 faizi qadınlar, 3,1 faizi isə 18 yaşadək uşaqlardır.

Daha çox hansı ailələrdə?..

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, komitədə məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılır: “Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Müvafiq orqanlara məişət zorakılığı ilə bağlı məlumat daxil olursa, həmin informasiya Məlumat Bankına yerləşdirilir.

Digər tərəfdən məişət zorakılığı ilə bağlı əhali arasında məlumat artıb. Amma məişət zorakılığına hələ də tez-tez rast gəlinməsi bu sahədə fəaliyyətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Ümumiyyətlə, məişət zorakılığı bütün dünya ölkələrində aktual problem olaraq qalır. Bu sahədə dünya birliyi də mübarizə tədbirlərini gücləndirir.

Hazırda məişət zorakılığının azalma tendensiyası barədə 7 qeyri-dövlət yardım mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində akkreditasiyadan keçib. Bu yardım mərkəzləri zorakılıqdan əziyyət çəkən şəxslərə müxtəlif növ xidmətlər göstərir. Tibbi, psixoloji, hüquqi xidmətlər məişət zorakılığından əziyyət çəkənlər üçün pulsuz həyata keçirilir. Məqsəd risk altında olan ailələrə kömək etməkdir”.

Taliyə İbrahimova qeyd edib ki, zorakılığa meylin artmasında medianın da təsiri var: “Çoxsaylı zorakılıq xəbərləri və həmin xəbərlərin xüsusi təsirli vasitələrlə təqdimi onu oxuyanların yaddaşında uzun müddət qalır. Əlbəttə, faktı gizlətmək olmaz, ancaq faktlar o halda mətbuata çıxa bilər ki, hüquq-mühafizə orqanları hadisəyə reaksiya verməsin. Əgər məişət zorakılığı baş veribsə və hüquq-mühafizə orqanları tərəfindən araşdırılırsa, bunu mətbuata verib insanların gözündə belə halları adiləşdirmək düzgün deyil.

Çox vaxt məişət zorakılığına məruz qalan qadın polisə müraciət etdikdə, cəmiyyətin qınağına tuş gəlir. Bu səbəbdən əksər qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və zorakılığa boyun əyməyə davam edirlər. Bu da çox zaman məişət konfliktinin cinayətlə bitməsinə gətirir”.

Müsahibimiz bildirir ki, 2010-cu ildə "Məişət Zorakılığı haqqında" Qanun qəbul olunub: “Həmin qanunun tələblərinə görə, bir sıra dövlət orqanlarına bu sahədə səlahiyyət verilib, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məişət zorakılığı sahəsində müəyyən funksiyalara malikdir. Bu sahədə profilaktik, maarifləndirici tədbirlər həyata keçirilir”.

“Bizdə nikah nəsilartırma prosesidir”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sözlərinə görə, ailədə idarəçilik uğrunda mübarizə ailə modelinin iflasına gətirib çıxarır: “Hazırda əvvəlki idarəçilik yoxdur. Əslində ailədə nüfuz məsələsi önəmli məsələdir. Nüfuz ailənin idarə olunmasında və tərəflərin bir-birinə münasibətinin formalaşmasında çox vacib amildir. Lakin hazırda ailə quran şəxslər qarşısındakına nüfuz sahibi kimi baxa bilmir.

Baş verən zorakılıqları və başqa konfliktli hadisələri iqtisadi amillə bağlamaq da problemə birtərəfli yanaşmadır. Ailədə zorakılığın artmasının əsas amili sosial-psixoloji faktordur. Axmaq teleşoular da ailə münasibətlərinə ciddi zərər vurur”.

Mehrian Zeynalovanın sözlərinə görə, zorakılığın artımına təsir edən amillərdən biri də kişilərin öz mənliyini güc hesabına təsdiqləmək istəyidir: “Zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etdirmək yolunu seçməyə üstünlük verirlər. Kişilərin bir qismi qadını aşağılamaqla onu “itaətə” məcbur edir. Bu səbəbdən bir-biri ilə hiss və düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha da artır.

Nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikaha sadəcə, nəsilartırma prosesi kimi baxırlar. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa gətirib çıxarır”.

Uşaqlar qorxu içində

Psixoloq Vəfa Rəşidovanın fikrincə, məişət zorakılığının uşaq psixologiyasına təsiri böyükdür: “Təhlillər göstərir ki, zorakılığa meylin əsas səbəbi keçmiş ailə travmalarıdır. Uşaq atasını nə formada görürsə, anasına, bacısına hansı münasibətlə yanaşdığını müşahidə edirsə, həmin övlad atasına oxşamaq istəməsə belə, illər sonra eyni proses, eyni tablo onun öz ailəsində təkrarlanır. Zorakılıq baş verən ailələrdə böyüyən uşaqlar potensial cinayətkarlardır. Bu uşaqlar daim qorxu içində yaşayırlar, itirməkdən, atanın gəlib onları döyəcəyindən qorxurlar. Bu isə uşaqda nəinki psixoloji, hətta psixiatrik problemlərə səbəb olur. Bəzən qadınlar dəfələrlə zorakılıqla qarşılaşsa da, bundan şikayət etmirlər”.

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər